“Tramp ruspərəst deyil” – Kremlin sözçüsü
“Donald Tramp administrasiyası “ruspərəst” deyil, bunu xüsusilə dövlət katibi Marko Rubionun bəyanatları sübut edir”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Düşünürəm ki, bu yanlış hissiyyatdır. Cənab Rubionun son açıqlamalarına diqqət yetirin. Aydındır ki, sülh danışıqlarının mümkünlüyünü istisna edən və sülh quruculuğu ilə məşğul olmaq istəməyən Kiyev rejimi ətrafında baş verənlərə az adam laqeyd qala bilər”, - deyə Kremlin sözçüsü bildirib.
Peskovun sözlərinə görə, Moskvanın Ukrayna ilə bağlı mövqeyi “yaxşı başa düşülür, hamıya məlumdur” və “ardıcıldır”. Eyni zamanda, o vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin münaqişənin “dinc danışıqlar yolu ilə” həllinə “açıqdır”.
“Bizim milli təhlükəsizliyimiz, milli maraqlarımızla bağlı məqsədlərimiz var və biz bu məqsədlərə dinc danışıqlar yolu ilə nail olmağa hazırıq. Biz bu müharibənin bundan sonrakı sponsorluğunu da yanlış hesab edirik”, - deyə sözçü əlavə edib.
Peskov iddia edir ki, ABŞ-nin yardımı Ukraynada “iyrənc”, “korrupsiyaya meylli atmosfer” yaradır və “çox, çox aşağı” effektivlik nümayiş etdirir”.
Xatirə SADİQ