Tramp Ukrayna ilə bağlı danışdı – “Müzakirələr yaxşı gedir”

Tramp administrasiyası Ukrayna, Rusiya və digər tərəflərlə danışıqlar aparır.

Feb 3, 2025 - 06:41
Tramp Ukrayna ilə bağlı danışdı – “Müzakirələr yaxşı gedir”

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib. 

“Bizin Ukrayna və Rusiya ilə əlaqəmiz olub. Müxtəlif tərəflərlə, xüsusən də Ukrayna və Rusiya ilə görüşlərimiz, danışıqlarımız planlaşdırılır. Düşünürəm ki, müzakirələr yaxşı gedir”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl amerikalı prezidentin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq xəbərdarlıq edib ki, hər iki tərəf müharibənin nizamlanması üçün danışıqlara ümid edəcəyi təqdirdə güzəştə getməli olacaq.

Kelloqun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski artıq bildirib ki, ərazilərlə bağlı mövqeyini yumşaldacaq: “Və Putin də öz mövqeyini yumşaltmalı olacaq. Zamanla və yəqin ki, tezliklə hamı ilə müzakirələrimiz olacaq. Və bu, hər iki tərəf üçün yaxşıdır”.

Xatırladaq ki, Zelenski bu günlərdə bildirib ki, Kiyevin ABŞ və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı danışıqlardan kənarlaşdırılması “çox təhlükəli” olacaq. Onun sözlərinə görə, danışıqlar masası arxasında ABŞ, Ukrayna, Rusiya və Aİ nümayəndələri olmalıdır.

Zelenski həmçinin vurğulayıb ki, Ukrayna hətta bütün müttəfiqlərin təzyiqi altında belə, işğal olunmuş ərazilərin Rusiya Federasiyasının bir hissəsi kimi tanınmasını ehtiva edən güzəştlə razılaşmayacaq.

Xatirə SADİQ