YADDAŞ – Anlatma

GİRİŞ: Üç qoca otaqda söhbət edir. Biri deyir:

Jun 25, 2025 - 14:46
YADDAŞ – Anlatma

– Yaxşı bir həkimin yanına getdim. Dərman yazdı. İndi yaddaşım tamamilə düzəlib.

– Həkimin adı nədir?

– Bir cürə şey var ey... Yekədir. Çox qalanda xarab olur. Ağzı, üzü də var. Əvvəllər uşaq doğub...

– Arvad?

– Hə. Ay arvad, - deyə mətbəxdəki arvadına müraciət edir, – O həkimin adı nə idi?
_   _  

Yadımda ikən yaddaşı təqdim etmək istəyirəm. Amma neyronlardan, beyin yarımkürələrindən söhbət açmayacağam.

Yaddaş – qabdır. Aydın təsəvvür etmək üçün belə fikirləş: kimdəsə 200 qramlıq stəkandır, başqalarında yarım, 1 kiloluq bankadır. Digərinin bəxtinə 3 kiloqramlıq balon düşüb.

Bu, forma idi. Yaddaşın məzmun amili də var. Baxır ki, sən o qabları nə ilə dolduracaqsan. Və axıradək doldura biləcəksənmi. Biri öz yaddaş qabına düyü, digəri buğda, qum yığır. O birisi təmiz su, başqası çirkab tökür. Kiminsə qablarında yağ, xama və saf baldır, fərsizinkində isə adi sidik də olur. Elə alına bilər ki, 3 kiloluq balon çirkabla, kiçik stəkan isə balla dolsun. Fərqinin izahata heç ehtiyacı yoxdur. Sidikli balon öz həcmi ilə lovğalandığı halda, ballı stəkanımız təvazökardır, susur. Fərq bu zaman görünür.

Amneziya, demensiya kimi amansız xəstəliklərin qarşısında aciz qalmamaq üçün yaddaşı və bütövlükdə beyini Məşq və İnkişaf etdir. Əvvəlcə bildiyini, yaxud bir vaxt öyrənib unutduğunu təkrarla: əlifbanı, bütün vurma cədvəlini. Öncə şifahi - ucadan. Sonra da ürəyində. Eləcə hansısa şeiri demək, mahnı oxumaq olar. Bu mərhələ üç ay davam etsin. Hər gün. Zəhlən tökülsə də. İnkişaf mərhələsində artıq yeni şeirləri əzbərləməyə başla. Əlbəttə, sənə yeni vurma cədvəli vəd etmirəm. Amma yeni şeir və mahnı çox məsləhətdir.

Bilirəm, bu tövsiyəni internetdə yaşlı bir kişi, alovlu qadın desəydi, inandırıcı çıxardı. Mən isə səndən heç nə, heç qəpik də ummuram. Deyiləni özün et, başqasına da danış. Yadında qalarsa...
_   _.  

ÇIXIŞ:

Üç nəfər çox yaşlı dost yaddaşdan gileylənir. Biri deyir:

– Keçən həftə getdim supermarketə. Yarım gün hərləndim, fırlandım. Bütün şöbələrə, rəflərə baxdım. Almalı olduğumu tapa bilmədim. Kor-peşman evə qayıtdım. Masanın üstündə siqaret qutusunu görəndə yadıma düşdü ki, kibrit üçün getmişdim.

– Eh, bu nədir ki, - deyə ikinci pensiyaçı dillənir. – O gün oğlum, qızım, nəvələrim gəlmişdilər. Balacaların birini sağ qıçımda əyləşdirdim, o birini sol qıçıma oturtdum. Başlarına tumar çəkdim, alnından, üzündən öpdüm, amma heç birinin adını yadıma sala bilmədim.

Söhbətə üçüncü qoca qoşulur:

– Axşam girdim tualetə. Kiçik işimi gördüm, böyüyü yola saldım. Amma beynimdə bir fikir hərlənirdi: yadımdan nəsə çıxıb. Qalxdım, suyu buraxdım. Kranı açıb əllərimi yudum, lakin o fikir məni tərk etmirdi: nəsə çıxıb yadımdan! Keçdim otağa, televizoru yandırdım. Oturdum kresloya və bu vaxt yadıma düşdü: tualetdə şalvarı çıxarmamışdım...
_.  _. 

A.ƏZİZ