Nazir müavininin oğlu problemli kreditlərdən nə qədər qazanır? - FOTO
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevin bir şirkətdən rüblük qazancı məlum olub.
SAVASHMEDİA.az kredit.az-a istinadən xəbər verir ki, onun səhmdarı olduğu “BOA Agency” kollektor agentliyi bu ilin ilk rübü üzrə 1 milyon 664,4 min manat xalis mənfəət əldə edib. Şirkətin səhmdarlarının ümumi yığıncağının qərarı ilə sözügedən həcmdə xalis mənfəət dividend şəklində səhmdarlar arasında bölünəcək.
Agentliyin səhmdarları hər bir 50 % payla Yadulla Yusifov və Rüstəm Hacıyevdir. Bu isə o deməkdir ki, hər iki səhmdarın rüblük dividend gəliri 832,2 min manat təşkil edir.
Qeyd edək ki, “BOA Agency” ASC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkət Azərbaycanda problemli borcların idarə olunması və yığılması ilə məşğul olur. Onun əsas müştəriləri banklar, lizinq və sığorta şirkətləri, eləcə də digər korporativ qurumlardır.
Fotoda: nazir müavini Rauf Hacıyev
Fotoda: Rüstəm Hacıyev