İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində məcburi məzuniyyət - Maaşsız işlətməyin yeni yolu?

Köhnə adı ilə “Azərsu”, hazırkı adı ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bəzi əməkdaşlar məcburi qaydada öz hesablarına ödənişsiz məzuniyyətə göndərilib.

May 12, 2026 - 10:45
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində məcburi məzuniyyət - Maaşsız işlətməyin yeni yolu?

SAVASHMEDİA.az xəbər verir ki, qurumun nəzarətçi heyətinin bir hissəsinə yanvarın 1-dən martın sonuna qədər evdə qalmaq tapşırılıb. 

Əməkdaşlara bildirilib ki, həmin dövrdə iş fəaliyyətinə tələbat olmadığı üçün işə çıxmağa ehtiyac yoxdur və buna uyğun olaraq maaş da ödənilməyəcək.

İddialara əsasən, işçilər bu müddət ərzində məcburi şəkildə evdə qalmalı olublar və martın sonuna qədər faktiki olaraq işə cəlb edilməyiblər.

İşə qayıtdıqdan sonrta isə əməkdaşlar yeni bir problemlə üzləşiblər. Belə ki, işə çağırıldıqdan sonra vəzifə yükü əvvəlki dövrlə müqayisədə xeyli artıb. Belə ki, əvvəllər bir əməkdaş ay ərzində təxminən 900 sayğaca cavabdeh idisə, hazırda bu rəqəmin 1800-ə qədər yüksəldiyi bildirilir.

Bu isə nəticə etibarilə iş həcminin ikiqat artması deməkdir. Əməkdaşlar iddia edirlər ki, işə qayıtdıqdan sonra evdə qaldıqları dövrün iş yükünün də kompensasiya edilmədən üzərlərinə yüklənməsi vəziyyəti ağırlaşdırıb. Onların fikrincə, bu, yalnız bir ayın maaşı qarşılığında daha ağır iş rejimi deməkdir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mövqeyini dərc etməyə hazırıq.

Səlcuq