Makronun iranlı aktrisa ilə yazışmasını tutubmuş – Bricitin şilləsinin səbəbi + FOTO
"Bricitin həyat yoldaşı Emmanuel Makrona şillə vurmasının səbəbi İran əsilli aktrisa Qolşifte Farahanidir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu fransız jurnalist Florian Tardif həmkarı Mark- Olive Foqelin proqramında deyib.
F.Tardif bildirib ki, bu barədə “Demək olar ki, mükəmməl cütlük” (Un couple (presque) parfait) adlı kitabında da yazıb.
Jurnalist qeyd edib ki, Bricit həyat yoldaşına zarafata görə yox, qısqandığına görə şillə vurub:
Fotoda: Emmanuel Makron və həyat yoldaşı Bricit
“Həmin vaxt Bricit Emmanuel Makronun telefonuna Farahanidən gələn mesajları görüb. Bu da cütlük arasında gərginliyə səbəb olub. Nəticədə, təyyarənin qapısı açılarkən görünən hadisə baş verib. O vaxtlar məsələ ilə bağlı Parisdə çox şayiələr yayılıb. Lakin bu dediklərim şayiə deyil. Mən bunu kitabıma daxil etməzdən əvvəl dəfələrlə dəqiqləşdirmişəm. Emmanuel-Bricit cütlüyü illərdir ictimaiyyətə mükəmməl obrazda təqdim edilirdi. Lakin mən onları adı insan obrazına endirdim. Çünki bu, normal ailə mübahisəsidir”.
Fotoda: Qolşifte Farahani
F.Tardif Emmanuel Makronun aktrisa Qolşifte Farahani ilə necə bir münasibət yaşadığına da aydınlıq gətirib:
“Mənə ötürülən və özümün də sonradan dəqiqləşdirdiyim məlumata görə, Emmanuel Makron aktrisa ilə bir neçə ay platonik münasibətdə olub. Onlar yazışıblar. Mənə bununla bağlı mesajlar ötürülüb. E.Makron Farahaniyə “Səni çox gözəl hesab edirəm” və bunun kimi sözlər yazıb”.
Tardif Yelisey sarayının məsələ ilə bağlı o vaxt verdiyi açıqlamadan peşman olduğunu da qeyd edib:
“Prezident administrasiyası bunun real bir cütlüyün adi mübahisəsi olduğunu etiraf edə bilərdi. Lakin onlar “zarafat” variantını seçdilər. Sonradan da peşman oldular”.
Qeyd edək ki, “La Parisien” qəzeti Bricit Makronun yaxın ətrafının bu məlumatları təkzib etdiyini yazıb. İddialar ötən ildən yayılsa da, nə Makron Administrasiyası, nə də Qolşifte Farahani bu barədə açıqlama və təkzib yayıb.
Xatırladaq ki, Emmanuel Makron həyat yoldaşı Bricit Makronla birgə 2025-ci ilin may ayında Vyetnama səfər edib. Hanoy hava limanında təyyarənin qapısı açılan zaman xanımı Emmanuel Makrona şillə vurub. Bu qalmaqaldan sonra Yelisey sarayı açıqlama verərək prezidentlə xanımının zarafatlaşdığını bildirib.
Qolşifte Farahani kimdir?
Əsl adı Rahavard Farahani olan Qolşifte Farahani 10 iyul 1983-cü ildə Tehranda anadan olub. Kino və teatr aktrisasıdır. İranlı aktyor Behzad Farahaninin qızı və aktrisa Şəqayiq Farahaninin bacısıdır. Altı yaşından teatrda, 14 yaşından kinolarda rol alıb. 14 yaşında “Ən yaxşı aktrisa” mükafatını qazanıb. Onu məşhurlaşdıran İran istehsalı “Santuri” filmi olub. Filmdə Qolşifte narkotik aludəsinə çevrilən musiqiçinin həyat yoldaşını canlandırıb. Aktrisa beynəlxalq şöhrəti Ridli Skottun “Body of Lies” filmi ilə qazanıb. O filmdə Leanardo Di Kaprio ilə birgə çəkilib.
Bu filmdə çəkilməsi İran hakimiyyəti tərəfindən ABŞ təbliğatı ilə əməkdaşlıq kimi qiymətləndirilib. Bundan əlavə, aktrisa kadrlarda hicabsız göründüyünə görə, İslam qanunlarını pozmaqda ittiham olunub. Nəticədə, ona İrana qayıtmaq və ölkədə işləmək qadağan edilib. Farahani 2009-cu ildən etibarən Fransada yaşayır və bu ölkənin vətəndaşıdır.
Banu