Trampın andiçmə mərasimində onlar olacaq
ABŞ-nin 47-ci prezidenti kimi yanvarın 20-də vəzifəsinə başlayacaq Donald Trampın andiçmə mərasimində eks-prezidentlər, milyarderlər və xarici qonaqlar iştirak edəcəklər.
SAVASHMEDİA.az bu barədə “Amerikanın səsi”nə istinadən xəbər verir.
Siyasi ənənəyə görə, andiçmə mərasimində ABŞ-nin bütün sağ prezidentləri iştirak edirlər. Münasibətlərdə gərginliyə baxmayaraq, hazırki prezident Co Bayden öz xanımı ilə mərasimə qatılacaq. Dörd il əvvəl Tramp onun andiçmə mərasiminə dəvətdən imtina etmişdi.
İnauqurasiyanın qonaqları arasında keçmiş prezidentlər Barak Obama, Corc Buş və Bill Klintonu da görmək mümkün olacaq. Buş və Klinton həyat yoldaşları Lora Buş və Hillari Klintonla birlikdə tədbirə qatılacaqlar. Onlardan fərqli olaraq Mişel Obamanı ərini tədbirdə müşayiət etməyəcək.
Prezident seçkilərində Trampın rəqibi olmuş vitse-prezident Kamala Harrisin əri Duqlas Emhoffla birlikdə mərasimdə iştirakı gözlənilir.
Məlumata görə, dünyanın varlı adamları olan İlon Mask, Ceff Bezos və Mark Zukerberq inaqurasiya tribunasında digər fəxri qonaqlarla yanaşı oturacaqlar. Qeyd edək ki, Bezosun və Zukerberqin rəhbərləri olduqları “Amazon” və Meta şirkətləri Trampın ianə fonduna 1 milyon dollar, Mask isə 250 milyon dollardan artıq vəsait keçiriblər.
Amerika prezidentlərinin inauqurasiyalarına xarici liderlər nadir hallarda dəvət olunsalar da, Tramp bir neçə istisna edib.
“Bloomberg”in məlumatına görə, mərasimdə Argentina prezidenti Xavyer Miley iştirak edəcək. O, noyabrda seçkilərdə qələbə qazandıqdan sonra Trampla görüşən ilk xarici lider olub. Çin prezidenti Si Cinpin dəvət alsa da, mərasimə öz nümayəndəsini göndərəcək. Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin və İtaliyanın baş naziri Giorgia Meloninin də mərasimə dəvət olunduğu bildirilir.
Xatirə SADİQ