“Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyərdik” - Kreml

“Rusiya ABŞ prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməsini dəstəkləyə bilərdi”.

Oct 10, 2025 - 13:09
“Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyərdik” - Kreml

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Aleksandr Yunaşevə bildirib.

“Mən düşünürəm ki, əgər bizdən soruşsaydılar, indiki məqamda mən bunu dəstəkləyərdim”, - deyə Putinin köməkçisi vurğulayıb. 

Uşakov onu da əlavə edib ki, Kiyevə uzaqmənzilli “Tomahavk” raketləri verəcəyi təqdirdə Ukraynanın Trampı Nobel mükafatı laureatı kimi dəstəkləməyə hazır olmasına təəccüblənib. “Yəni, silah tədarükü üçün sülh mükafatı. Hətta düşüncəsi belə dəhşətlidir. Amma bu kateqoriyadakı insanlar düşünürlərsə, bu, onların kim olduğu haqqında çox şey deyir”, - deyə prezidentin köməkçisi bildirib.

Dünən Qəzza zolağında atəşkəsin əldə olunmasından sonra Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə ünsiyyəti zamanı bildirib ki, əgər Tramp dünyaya, xüsusən də Ukrayna xalqına belə atəşkəs şansı verərsə, ölkəsi onun Nobel Sülh Mükafatına namizədliyi irəli sürməlidir. “Biz onu Ukrayna adından irəli sürürük”, - deyə Zelenski vurğulayıb. 

Bundan öncə, Amerika prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini  Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, İsrailin baş naziri Benyamin Netanyahu, Kamboca, Qabon, Pakistan və Ruanda hökumət rəsmiləri təklif ediblər.

Xatirə SADİQ