Trampın teleaparıcını nazir etmək niyyəti heyrət doğurub - “Pentaqon şokdadır”

“O, sadəcə, heç vaxt hökumətdə işləməmiş “Fox News” personajıdır”

Nov 14, 2024 - 13:08
Trampın teleaparıcını nazir etmək niyyəti heyrət doğurub - “Pentaqon şokdadır”

ABŞ Müdafiə Nazirliyinin bir sıra hazırkı və keçmiş rəsmiləri yeni seçilmiş prezident Donald Trampın “Fox News” telekanalının aparıcısı və hərbi veteran Pit Heqseti qurumun rəhbəri təyin etmək planlarından narahat olub.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Onlar hərbi təcrübəsinə baxmayaraq, Heqsetin iri strukturları idarə etməkdə kifayət qədər təcrübəsinin olmadığına diqqəti cəlb edirlər. “Ona “Walmart”ı (Amerika supermarketlər şəbəkəsi – red.) idarə etmək üçün etibar edərdinizmi? Axı bizim məhz o qədər əməkdaşımız var”, - deyə nazirliyin eks-məmurlarından biri vurğulayıb. 
 
“Politico”ya danışan digər keçmiş məmur qeyd edib ki, Heqsetin ehtimal olunan təyinatı ilə bağlı insanlar şokdadırlar: “O, sadəcə, heç vaxt hökumətdə işləməmiş “Fox News” personajıdır”.

Məlum olub ki, Müdafiə Nazirliyinin vəzifədə olan məmurları da Heqsetin belə mürəkkəb bürokratiyanı idarə etmək qabiliyyətinə şübhə ilə yanaşırlar.

“Bu, ölümcül ciddi işdir və mənə elə gəlir ki, bu, əsasən, hərbi məsələlər haqqında danışması və orduda xidmət etdikdən sonra milli təhlükəsizlik üçün əhəmiyyətli heç nə etməməsi ilə tanınan ifaçı insandır”, - deyə nazirlik əməkdaşı söyləyib. 

Məmur əlavə edib ki, Pentaqon iri bürokratik sistemdir və onun dünyada milli təhlükəsizliyi qorumaq üçün necə işlədiyini anlamaq lazımdır: “Bu, yorucu və çətindir. Bunun “Fox News”da efirə çıxmaq və naqqallıq etməklə heç bir əlaqəsi yoxdur”.

Pentaqonun bəzi nümayəndələri Heqsetin vəziyyətlə tanış olmadan nazirliyin proqramlarında dərin ixtisarlara başlaya biləcəyindən narahatdırlar. Eyni zamanda Heqsetin keçid mərhələsində milli təhlükəsizlik üzrə gizli brifinqləri almağa başladıqdan sonra yanaşmasının dəyişəcəyinə ümid edənlər də var. 

“Onlar ilkin “beyin hücumu”nu alandan və pərdə arxasında baş verən hər şeyi gördükdən sonra, məncə, bu, onların bilmədikləri hər şeyi dərk etmələri üçün geriyə addım və “Aman Tanrım” anı olacaq”, - deyə nəşrin mənbələrindən biri vurğulayıb. 

Xatirə SADİQ