Aİ komissarı İsraillə siyasi dialoqun dayandırılmasını təklif edib
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Qəzzada mövcud vəziyyətə görə İsraillə siyasi dialoqun dayandırılmasını təklif edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Aİ xarici işlər nazirlərinə göndərdiyi məktubda Borrell beynəlxalq humanitar hüququn Qəzzada mümkün pozulması ilə bağlı ciddi narahatlığını ifadə edib. Onun sözlərinə görə, İsrail indiyədək bu narahatlıqları kifayət qədər nəzərə almayıb.
“Yuxarıdakı mülahizələri nəzərə alaraq, mən Aİ-nin İsraillə siyasi dialoqu dayandırması üçün insan haqları müddəalarını tətbiq etməsi təklifini irəli sürəcəyəm”, - deyə Borrell yazıb.
“Reuters”in istinad etdiyi diplomatlar hesab edirlər ki, İsraillə siyasi dialoqun dayandırılması təklifinin bəyənilməsi qeyri-realdır. Çünki bu təklifi Aİ-nin 27 ölkəsinin hamısı təsdiq etməlidir. Onların sözlərinə görə, Borrel bu təkliflə bağlı Brüsseldəki səfirləri məlumatlandırarkən, ölkələrin əksəriyyəti onun əleyhinə çıxış edib.
Diplomatlardan biri deyib ki, səfirlər təklifin lazımi səviyyədə hazırlanmamasından təəccübləniblər və Borrelin hərəkətləri Aİ-ni həmişəkindən daha çox parçalanmış vəziyyətə salıb.
Borrelin təklifi xarici işlər nazirlərinin görüşündə müzakirə ediləcək. Bu iclas beşillik səlahiyyət müddətini başa vuran Borrelin sədrlik edəcəyi son toplantısı olacaq.
Xatirə SADİQ