“ABŞ prezidenti Ukraynanın məhv edilməsinə imkan verməyəcək” – Andjey Duda 

Polşa prezidenti Andjey Duda ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın amerikalı vergi ödəyicilərinin pullarına hörmət etdiyi üçün Rusiyanın Ukraynanı məhv etməsinə imkan verməyəcəyinə əminliyini ifadə edib.

Nov 14, 2024 - 17:01
“ABŞ prezidenti Ukraynanın məhv edilməsinə imkan verməyəcək” – Andjey Duda 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşa liderinin dəftərxanası “X” platformasında məlumat yayıb. 
 
NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransı zamanı Duda bildirib ki, uğurlu insan olan Tramp döyüşməyi sevən və hər şeydən əvvəl uduzmağı sevməyən fitri mübarizdir.

“Prezident Donald Tramp amerikalı vergi ödəyicilərinin pullarına hörmət edir və biz də bunu bilirik”, - deyə Duda əlavə edib.

Polşa prezidenti deyib ki, Tramp özü dəfələrlə bu barədə danışıb və bu məqamı xüsusi vurğulayıb. 

“ABŞ-nin Ukraynaya yardıma artıq nə qədər sərmayə qoyduğunu, Ukraynanın salamat qurtulması və özünü müdafiə etməsi üçün Ukrayna müdafiəçilərinə müxtəlif hərbi texnika, maliyyə yardımı şəklində nə qədər nəhəng vəsaitin köçürüldüyünü nəzərə alsaq, mənim qənaətim belədir: mən təsəvvür edə bilmirəm ki, prezident Donald Tramp Rusiyaya Ukraynanı məhv etməyə icazə verəcək”, - deyə o, bildirib.

Xatırladaq ki, “Fox News” telekanalı mənbələrə istinadən xəbər verib ki, Tramp tezliklə Ukrayna və Rusiya arasında müharibənin dayandırılması üçün danışıqlara cavabdeh olacaq xüsusi nümayəndə təyin edə bilər. 

Xatirə SADİQ