Trampın iki namizədi Ukraynada narazılıq doğurdu
Komitənin iyun üzrə hesabatında nəzərə çatdırılıb ki, Qetts irəli sürülən bütün iddiaları qəti şəkildə rədd edir.
Amerika ordusunun keçmiş zabiti Tulsi Qabbardın və Florida ştatından olan konqresmen Mett Gettsin milli kəşfiyyat və baş prokuror-ədliyyə naziri vəzifələrinə namizədliklərini irəli sürməsi Ukraynada birmənalı qarşılanmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Ukraynanın kütləvi informasiya vasitələri hər iki şəxsin Kiyevə yardıma qarşı çıxdığını və digər xoşagəlməz faktları xatırladıb.
Məlumatda qeyd edilib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi hələ 2022-ci ildə Qabbardın bir neçə il ərzində Kremlin pulu ilə xarici auditoriya üçün işlədiyi barədə xəbərdarlıq edib.
Bundan başqa, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri Qabbard bildirirdi ki, Rusiyanın hərbi təcavüzündə ABŞ günahkardır, çünki o, uzun illər təcavüzkarı təhrik edib, Vaşinqtonun hakim elitası isə ukraynalıların əlləri ilə mümkün qədər çox rusiyalını öldürmək istəyir.
Qabbard həm də Ukraynada bioloji laboratoriyalarda hazırlanan kütləvi qırğın silahlarının olması barədə dünyaya fəal şəkildə yanlış məlumat verirdi.
Ukraynaya yardıma qarşı çıxan konqresmen Mett Gettsin həm də cinsi istismarda, qanunsuz narkotik istifadəsində və “uyğun olmayan hədiyyələr” almaqda ittiham olunduğuna diqqət cəlb edilib.
“Utah News Dispatch” nəşrinə istinadən bildirilir ki, Gettsin namizədliyinin irəli sürülməsi əsl sürpriz olub, çünki hazırda onun barəsindəki iddialarla bağlı Konqresin Etika Komitəsi araşdırma aparır.
Komitənin təhqiqatı 2021-ci ilin aprelində başlayıb. İyun ayına olan məlumata görə, komissiya ondan çox şahidi dindirib, 25 çağırış vərəqəsi verib və Gettsin istintaqı ilə bağlı minlərlə səhifəlik sənədləri nəzərdən keçirib.
Komitənin iyun üzrə hesabatında nəzərə çatdırılıb ki, Qetts irəli sürülən bütün iddiaları qəti şəkildə rədd edir.
Nümayəndələr Palatasının Etika Komitəsinin sədri Maykl Gest jurnalistlərə bildirib ki, əgər Senat Qettsi baş prokuror kimi təsdiq edərsə, onun komitəsi artıq istintaqla bağlı yurisdiksiyaya malik olmayacaq.
Xatırladaq ki, Getts 2023-cü ilin payızında ABŞ nümayəndələr Palatasının respublikaçı spikerinin istefasının təşəbbüskarlarından biri kimi tanınır. Bu təşəbbüs uzun müddət Ukraynaya yardımla bağlı səsverməni dayandırılmasına və Respublikaçılar Partiyası daxilində parçalanmaya səbəb oldu.
Xatirə SADİQ