Putinin “adamı”nın bacısı ABŞ pasportu ilə Ukraynada olub - “Foreign Policy”

ABŞ ilə danışıqlarda iştirak edən Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin bacısı Natalya Dmitriyeva 2025-ci ilin fevralında Amerika pasportu ilə Ukraynaya səfər edib. 

Apr 29, 2025 - 16:42
Putinin “adamı”nın bacısı ABŞ pasportu ilə Ukraynada olub - “Foreign Policy”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşrinin jurnalisti Keti Livinqston şəxsi mənbələrinə istinadən yazıb. 

Sərhəd qeydlərinə görə, Dmitriyeva fevralın 8-də Ukrayna ərazisinə daxil olub və fevralın 12-də oradan gedib. Bu hadisə Rusiya ilə ABŞ arasında danışıqların Səudiyyə Ərəbistanında keçirilməsinə bir neçə gün qalmış baş verib.

Dmitriyevanın Ukraynadakı fəaliyyəti və ya ora səfərinin məqsədi məlum deyil.

Livinqston qeyd edib ki, Natalya Dmitriyeva 2022-ci ilin əvvəlində - Rusiyanın genişmiqyaslı işğalı başlayandan sonra anası ilə birlikdə Ukraynanı tərk edərək ABŞ-yə gedib. 

“Hərçənd köhnə qeydlər həm Natalyanın, həm də anası Tamara Şevçenkonun əvvəllər Ukrayna pasportlarına malik olduğunu göstərsə də, onlar son illərdə Ukraynaya Amerika pasportları üzrə gediblər. Natalya və Tamaranın Amerika pasportlarını haradan aldıqları və ya hazırda ABŞ-də yaşayıb-yaşamadıqları aydın deyil. Həmçinin görünür ki, Dmitriyevlər ailəsi Avropa və Ukraynada əvvəllər məlum olduğundan daha çox aktivə sahib ola bilər”, - deyə amerikalı jurnalist vurğulayıb.

Məlumdur ki, Kirill Dmitriyev 1975-ci ildə Kiyevdə anadan olub. 90-cı illərdə o, ABŞ-də təhsil almağa müvəffəq olub.

Xatirə SADİQ