Patruşev Odessa “xülyası”dan danışdı - “Rusiya şəhəri olub”

“Odessa iki əsrlik tarixi ərzində Rusiya şəhəri olub, indi isə onun sakinlərinin böyük əksəriyyəti Ukrayna hakimiyyəti ilə heç bir əlaqəsi olmasını istəmir”. 

Apr 29, 2025 - 17:03
Patruşev Odessa “xülyası”dan danışdı - “Rusiya şəhəri olub”

SAVASHMEDİA.az xəbər verir ki, bu iddianı Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev “TASS”-a müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Ukraynanın “Qara dəniz regionları”nın sakinləri “öz gələcəklərini müəyyən etməlidirlər”. 

“Ölkəmiz xalqın iradəsinə hörmətlə yanaşır. Bunu Krımın, Sevastopolun, Donbassın və Novorossiyanın Rusiyanın tərkibinə daxil olması təcrübəsindən də görmək olar", - deyə beynəlxalq hüquqa məhəl qoymayan Patruşev əlavə edib.

Odessanın əsasının II Yekaterina tərəfindən qoyulduğunu, Rusiyanın Qara dənizdəki forpostu kimi xidmət etdiyini, əhalisinin sayına və iqtisadi inkişaf səviyyəsinə görə ölkədə aparıcı yerlərdən birini tutduğunu, II Dünya müharibəsi illərində qəhrəman şəhərə çevrildiyini xatırladan Patruşev hiddətini də gizlətməyib. Çünki onun fikrincə, indi Odessa limanı silahların ötürülməsi üçün bir mərkəzə, dəniz təxribatçıları üçün bazaya çevrilib: “Güman edirəm ki, Odessa və onun sakinlərinin böyük əksəriyyətinin Kiyev rejimi ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, əhali baxımından Ukraynanın üçüncü şəhəri hesab olunan Odessa genişmiqyaslı müharibənin əvvəlində rus ordusunun hədəfində idi. Lakin Rusiyanın Qara Dəniz Donanmasının silsilə məğlubiyyətlərindən sonra şəhərə dəniz hücumları dayandı. Buna baxmayaraq, Kreml Odessanı işğal etmək planından əl çəkmir. 

Xatirə SADİQ