Trampın Ukrayna planının bəzi detalları mediaya sızdı - “The Wall Street Journal” yazır

Prezident seçkilərində qalib gələn Donald Trampın müşavirləri artıq Ukraynada müharibəyə son qoymaq üçün plan hazırlayırlar. 

Nov 7, 2024 - 15:03
Trampın Ukrayna planının bəzi detalları mediaya sızdı - “The Wall Street Journal” yazır

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (“WSJ”) məlumat yayıb.

“WSJ” mənbələrə istinadən yazır ki, Trampın komandasında müzakirə olunan ideyalardan biri Ukraynanın ən azı 20 il NATO-ya üzv olmaq planlarından imtina etməsidir. Bunun müqabilində ABŞ Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün Ukraynanı silahla təmin etməyə davam edəcək. 

Digər təklif isə demilitarizasiya zonası yaratmaqla cəbhə xəttinin dondurulmasından ibarətdir. Amerika qoşunları və ya BMT kontingentləri və ya ABŞ tərəfindən maliyyələşdirilən hər hansı digər təşkilatlar bu xəttin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olmayacaqlar. 

Tramp komandasındakı mənbənin vurğuladığı kimi, Birləşmiş Ştatlar hərbi təlimlər üçün pul ödəyə və ya başqa dəstək verə bilər, lakin “amerikalı kişi və qadınları Ukraynada sülhü qorumaq üçün göndərə bilməz”.

Qeyd edək ki, Tramp seçkiqabağı kampaniya dövründə vəzifəyə gəldikdən sonra 24 saat ərzində Ukraynadakı müharibəni dayandıracağına söz vermişdi. Onun andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.

Bu arada “Politico” nəşri Ağ Evdəki iki vəzifəli şəxsə istinadən xəbər verib ki, Co Bayden administrasiyası Trampın andişmə mərasiminə qədər Ukraynaya ayrılmış hərbi yardımın bütün qalığını istifadə etmək niyyətindədir. Bununla da Ukraynanın Rusiyanın hücumlarına qarşı çıxmaq üçün kifayət qədər silaha malik olmasını təmin etməyə çalışır. 

Lakin mənbələr qeyd ediblər ki, ABŞ silahlarının Ukraynaya göndərilməsi, adətən, aylar çəkir. Ona görə də yaxın həftələrdə elan edilən paketlərin 2025-ci ilin yanvar ayının sonuna qədər tam şəkildə çatması ehtimalı azdır və Tramp silahların göndərilməsini dayandıra bilər.

Xatırladaq ki, Ukrayna prezidentinin qələbə planının birinci bəndində NATO-ya dəvət əks olunub. 

Bundan başqa, ABŞ-də seçkilər ərəfəsində Volodimir Zelenski bəyan etdi ki, kimin qalib gəlməsindən asılı olmayaraq Ukrayna öz ərazi bütövlüyündən əl çəkməyəcək və ədalətsiz sülhə razı olmayacaq. 

Xatirə SADİQ