Türkiyənin axtardığı azərbaycanlı "Çakır" Moskvada saxlanıldı

Türkiyənin tanınmış hüquqşünası Serdar Öktemin qətlini təşkil etməkdə ittiham olunan Azərbaycan vətəndaşı Əli Gülmalızadə oktyabrın 23-də Moskvada həbs edilib. 

Oct 31, 2025 - 14:44
Türkiyənin axtardığı azərbaycanlı "Çakır" Moskvada saxlanıldı

SAVASHMEDİA.az-ın xəbərinə görə, həbs Gülmalızadənin tərəfdarları ilə yemək yediyi restoranda baş verib.

Axtarış zamanı polis saxlanılan şəxsə və yoldaşlarına məxsus silahları götürüb. 

"Dalton" cinayətkar qrupunda Alican Çakır təxəllüsü ilə tanınan Gülmalızadə keçmiş vəkil Öktemin qətlini planlaşdırmaqda şübhəli bilinir. Vəkilin qətli oktyabrın 6-da İstanbulun Şişli rayonunda, Zincirlikuyu qəbiristanlığının yaxınlığında baş verib. O, silahlı hücum nəticəsində həlak olub.

İş üzrə ikisi azyaşlı olmaqla 9 şübhəli həbs edilib, daha 4 nəfər isə məhkəmə nəzarətinə verilib. Şübhəlilərin ifadələrinə görə, hücumu Gülmalızadə planlaşdırıb.

Onlardan biri 23 yaşlı S.O. dindirilmə zamanı "Dalton"ların üzvü olduğunu və Gülmalızadə ilə FaceTime vasitəsilə əlaqə saxladığını iddia edib. 

"Ailəmi öldürməklə hədələdi, ona görə də mən Alican Çakırın (Ali Gülmalızadə) təklifi ilə razılaşmaq məcburiyyətində qaldım. O, bizə hücum etməli olduğumuz şəxsin ünvanını və şəklini göndərdi. Serdar Öktemin maşını yaxınlaşanda atəş açdıq", - S.O. deyib.

Onun sözlərinə görə, qətldən sonra hücum edənlər Arnavutköy məhəlləsinə qaçıblar və Gülmalızadə videozəng zamanı “İntiqam alındı, Canerin intiqamı alındı” deyə qışqırıb. Digər şübhəlilər Gülmalızadənin Öktemin qətlinin sifarişçisi olduğunu təsdiqləyiblər.

Türkiyə mediası istintaq mənbələrinə istinadən yazır ki, qətlin motivi Oktemin bir neçə məhkəmə prosesində rəqib "Kasper" dəstəsinə hüquqi yardım göstərməsi ola bilər ki, bu da "Dalton"larla davaya səbəb olub. 

Hazırda Türkiyə və Rusiya arasında Gülmalızadənin ekstradisiyası ilə bağlı məhkəmə prosesləri başlayıb.

Səlcuq