Türkiyənin müxalifət partiyası özünü buraxdı - SƏBƏB

Türkiyədə müxalif Məmləkət partiyası fəaliyyətini dayandırıb.

Jul 22, 2025 - 21:12
Türkiyənin müxalifət partiyası özünü buraxdı - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, partiyanın qapadıldığını sədri Məhərrəm İncə açıqlayıb.

O bildirib ki, partiyanın bu gün keçirilən II növbədənkənar qurultayında səsvermə keçirilib. Səsvermədə iştirak edən 277 nümayəndədən 220-si partiyanın qapadılmasının lehinə səs verib. Səs çoxluğu ilə partiya özünü buraxdığını elan edib. 

Məhərrəm İncə daha sonra Cümhuriyyət Xalq Partiyasına (CHP) qatılacaqlarını bildirib:

“Məhdud imkanlarla qurduğumuz Məmləkət partiyası bu gün keçirilən qurultayında fəaliyyətini dayandırmaq qərarına gəlib. Bu partiyanı yaratmaq üçün hansı şərtlərlə hansı fədakarlıqları göstərdiyimizi, onu ayaqda saxlamaq üçün nə qədər çalışdığımızı ən yaxşı siz bilirsiniz. 

Məhərrəm İncə

Bizim yeganə məqsədimiz Atatürk Türkiyəsini işıqlı gələcəyə aparmaqdır. Məqsədimiz dünyəvi Türkiyəni qorumaqdır. Ölkəmizi elmdə, texnologiyada, ədəbiyyatda, idmanda müasir ölkələrdən yuxarı qaldırmaqdır. Biz bu məqsəddən zərrə qədər də yayınmamışıq. Səyləriniz heç vaxt boşa çıxmayıb. Xahiş edirəm özünüzü məğlub və ya tərk edilmiş hiss etməyin. İndiki siyasi ab-hava bir araya gəlməyi, xırda fikir ayrılıqlarımızı bir kənara qoyub, çiyin-çiyinə, ürək-ürəyə birgə addımlamağı zəruri edir. 

Cümhuriyyət Xalq Partiyası bizim bütün çıxışlarımızı, iddialarımızı özündə ehtiva edən bir partiyadır. Yol dəyişə bilər, səyyah dəyişə bilər, amma məqsəd dəyişməz qalır! Məhərrəm İncə bu hədəfin rütbəsiz əsgəridir. Kim rütbə axtarırsa, bizi tərk etsin. Kim bu məqsədə inanırsa, qolumuza girsin, birgə yeriyək. 
Bizim vətən sevgimiz Məmləkət partiyasından başlamayıb, onunla da bitməyəcək! İndi CHP-nin sıralarını gücləndirməyin vaxtıdır. Hamınızı çox sevirəm, yaxşı ki varsınız, yaxşı ki yol yoldaşlarım olmusunuz!”

Banu