Tutulduğu iddia olunan Adnan Əhmədzadə kimdir? - DOSYE

SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin həbs olunduğu barədə məlumatlar yayılıb.

Sep 20, 2025 - 02:07
Tutulduğu iddia olunan Adnan Əhmədzadə kimdir? - DOSYE

Hələlik rəsmi şəkildə təsdiqlənməyən xəbərə görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır.

SAVASHMEDİA.az Adnan Əhmədzadənin dosyesini təqdim edir. Beləliklə....

Adnan Əhmədzadə kimdir?

Adnan Əhmədzadə Azərbaycanın tanınmış ictimai, biznes və idman xadimlərindən hesab olunur. O, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) daxilində müxtəlif mühüm vəzifələrdə çalışmış, eyni zamanda beynəlxalq əlaqələrdə rol oynamışdır.

Karyerası 

Adnan Əhmədzadə uzun illər SOCAR-ın müxtəlif departamentlərində mühüm vəzifələr tutmuşdur:

2006-2007-ci illər: Nəqliyyat və Ekspedisya Departamentinin müavini;

2007-2008-ci illər: Ticarət Əməliyyatlarında Kommersiya Riskləri Departamentinin rəhbəri;

2008-2010-cu illər: İqtisadi Əməliyyatlar Departamentinin müavini;

2010-2019-cu illər: SOCAR Marketinq və İqtisadi Əməliyyatlar Departamentinin baş direktoru;

2018-ci il: SOCAR Treydinqin icraçı direktoru;

2019-cu il: SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini.

Biznes fəaliyyəti

2023-cü ildə Adnan Əhmədzadə ABDA İnvest Holdinqin təsisçisi və sədri olmuşdur. Bu holdinq tikinti, logistika, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino zallarına qədər müxtəlif sahələrdə fəaliyyət göstərir. Onun sahib olduğu şirkətlər arasında İspaniyada və İngiltərədə qeydiyyatdan keçmiş daşınmaz əmlak və investisiya ilə məşğul olan qurumlar da mövcuddur.

İdman və ictimai fəaliyyət

Adnan Əhmədzadə idman sektorunda da fəal iştirakçıdır. O, 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti titulunu daşıyır.

Şəxsi həyatı və maraqlı faktlar

Adnan Əhmədzadə ailəlidir, dörd övladı var. Maraqlı məqamlardan biri, onun dünyaca məşhur futbolçu Lionel Messi ilə ailəvi dostluq əlaqələrinə malik olmasıdır. O, Messinin Azərbaycanda səfərinin təşkilində mühüm rol oynamışdır. Adnan Əhmədzadə həmçinin Ronaldinyo kimi digər tanınmış futbolçularla əməkdaşlıq etmişdir.

Əhmədzadə həmçinin Ronaldinyo və Xuan Laportanın Bakı səfərlərini təşkil edib. 

Oğuz