Ukrayna növbəti əsir mübadiləsini həyata keçirdi

İstanbul razılaşmaları çərçivəsində iyunun 19-da Ukrayna daha bir qrup hərbçisinin rus əsirliyindən azad edilməsinə nail olub.

Jun 19, 2025 - 16:18
Jun 19, 2025 - 16:19
Ukrayna növbəti əsir mübadiləsini həyata keçirdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram”da məlumat paylaşıb. 

“Bizim adamlarımız Rusiya əsirliyindən evə qayıdır. Onlar Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin əsgərləridir. Onların əksəriyyəti 2022-ci ildən əsirlikdə idi. Donetsk, Zaporojye, Luqansk, Xarkov, Sumi, Çerniqov, Kiyev vilayətlərində döyüşən Ukrayna müdafiəçiləri. Biz insanlarımızın geri qayıtması üzərində işləyirik”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahından bildirilib ki, İstanbulda razılaşmalara uyğun olaraq “ağır xəstələr və yaralılar” kateqoriyasında böyük məhbus mübadiləsinin növbəti mərhələsi baş tutub.

Cümə axşamı azad edilən hər bir müdafiəçi ağır tibbi diaqnozlara və xəstəliklərə malikdir. Bir çoxlarında əhəmiyyətli dərəcədə kilo itkisi, distrofiya, xoralar, görmə problemləri, dayaq-hərəkət sistemi, ürək-damar xəstəlikləri və həzm problemləri mövcuddur.

Sıravi və çavuş rütbələrinin nümayəndələri olan hərbçilər bütün lazımi tibbi müayinələrdən keçəcək, fiziki və psixoloji reabilitasiyaya köməklik göstərəcək, habelə əsirlikdə olduqları bütün müddət ərzində lazımi ödənişlər alacaqlar.
 
Koordinasiya Qərargahı qeyd edib ki, işini davam etdirir və yaxın vaxtlarda məhbus mübadiləsinin növbəti mərhələsini hazırlayır.

Xatirə SADİQ