Plakatla Moskva çayına enən fəal saxlanıldı
Rusiya paytaxtında özünü “Nemtsov körpüsü” fəalı adlandıran 68 yaşlı Qriqori Saksonov saxlanılıb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu hadisə ahıl fəalın müxalifət lideri Boris Nemtsovun qətlə yetirildiyi Bolşoy Moskvoretski körpüsündən Moskva çayına endiyi zamanı baş verib.
Aksiya zamanı fəal üzərində “Putin – Hitler”, “Stop!” sözü və svastika təsviri əks olunmuş plakat nümayiş etdirib. Sonra çaya düşərək meyit obrazını canlandırıb.
Bir sıra telegram kanalları naməlum şəxsin plakatla çaya atıldığını xəbər versə də, SOTAvision-un yayımladığı videoda fəalın kəndirdən istifadə edərək suya endiyi görünür.
“Baza” isə fəalın hidrokostyum geyindiyinə diqqəti cəlb edib. Telekanalın məlumatına görə, Saksanov bunu “dostu ilə mərcə girərək” edib. Polis əməkdaşları qayıqla fəala yaxınlaşaraq onu saxlayıblar.
“RusNews” xəbər verir ki, o, polisin müşayiəti ilə təcili yardım maşını ilə aparılıb.
“Nemtsov körpüsü”nün digər fəalları jurnalistlərə təsdiqləyiblər ki, saxlanılan şəxs Saksonov olub. Bu müxalifət fəalı körpüdə xalq memorialının qorunub saxlanması ilə məşğuldur. O, bir neçə dəfə polis tərəfindən saxlanılıb.
Xatirə SADİQ