Ukraynanın Aİ üzvlüyü məsələsində Orbandan yan keçmək yolu tapılıb
Macarıstanın etirazına baxmayaraq Avropa Şurasının sədri Antonio Koşta bu həftə Kopenhagendə keçiriləcək Aİ liderlərinin əsas sammiti öncəsi Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmaq müraciətinin irəli sürülməsi üçün xüsusi səy göstərir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” 5 diplomata və məmurlara istinadən yazıb.
Nəşrin anonimlik şərti ilə danışmağa razı olan mənbələrinə görə, Koşta hazırda Ukrayna və Moldovanın gələcək üzvlüyü ilə bağlı danışıqlarda maneələri aşmaq üçün Aİ paytaxtlarından dəstək axtarır.
Avropa Şurasının prezidenti veto hüququ vasitəsilə Ukraynanın Aİ-yə üzvlük yolunu bağlayan Macarıstanın baş naziri Viktor Orbandan yan keçməyə çalışır.
Kosta təklif edir ki, danışıqlar klasterləri təkcə yekdil qərarla deyil, Aİ ölkələrinin ixtisaslı əksəriyyətinin razılığı ilə açıla bilər.
Qeyd olunur ki, klasterlərin bağlanması üçün bundan sonra da bütün Aİ paytaxtlarının dəstəyi lazım olacaq, lakin danışıqlara başlamaq üçün astananın azalması Ukrayna və Moldovaya islahatlara başlamağa imkan verəcək. Bu isə Aİ standartlarına yaxınlaşmada irəliləyişi nümayiş etdirmək üçün lazımdır.
Planla tanış olan mənbənin sözlərinə görə, hətta bir və ya iki ölkə etiraz etsə belə, bu, hər iki ölkənin müraciətlərini irəli aparmağa imkan verəcək.
Diplomatlar bildiriblər ki, Koşta bu yaxınlarda “paytaxt turu” zamanı bir neçə Avropa lideri ilə görüşüb, eləcə də keçən həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ikitərəfli danışıqlar aparıb və Avropa liderlərini fəal şəkildə inandırmağa çalışıb.
“Avropa Şurasının prezidenti üçün genişlənmə əsas prioritetdir. O, bunu Aİ-nin edə biləcəyi ən mühüm geosiyasi sərmayə hesab edir. Məhz buna görə də o, əmindir ki, Ukraynanın islahat səylərini konkret addımlara çevirmək yollarını tapmaq vacibdir”, - deyə avropalı məmurlardan biri vurğulayıb.
Xatirə SADİQ