Ukraynaya iki “Patriot” sistemi göndərilir
Almaniya cümə günü Ukraynaya iki “Patriot” hava hücumundan müdafiə sistemi tədarük edəcəyini açıqlayıb.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius bildirib.
Məlum olub ki, bu, Berlinin əvəzedici sistemləri almaq üçün birinci sırada olacağı barədə ABŞ ilə razılığa gəlməsindən sonra baş verib.
Müdafiə naziri qeyd edib ki, ABŞ-nin öhdəlikləri sayəsində “Almaniya öncə Ukraynaya buraxıcı qurğuları, sonra isə “Patriot” sisteminin əlavə komponentləri təqdim edə bilər”.
Beləliklə, Bundesver yaxın günlərdə Ukraynaya “Patriot”un buraxıcı qurğularını tədarük edəcək, sonra isə iki-üç ay ərzində sistemin digər elementlərini təhvil verəcək.
Almaniya bunun əvəzində ABŞ-dən sürətlə yeni “Patriot” sistemləri alacaq.
Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonda NATO-nun baş katibi Rutte ilə görüşü zamanı bəyan etmişdi ki, ABŞ Ukraynaya pulsuz silah tədarük etməyəcək – indi onların alınması Avropa ölkələri və Kanada tərəfindən ödəniləcək.
Xatirə SADİQ