“Üzr istəmək əvəzinə Moskva 3 gün susdu” - rusiyalı politoloq

“Moskva yenidən eyni səhvi təkrarlayır. Lap əvvəldən Yekaterinburqda baş verənlərə dürüst qiymət vermək, güc qüvvələrinin hərəkətlərinin həddindən artıq, şəraitə uyğun olmayan, vəhşi və çox təhlükəli olduğunu etiraf etmək, üzr istəmək əvəzinə Moskva ağzına su alıb susdu”.

Jul 1, 2025 - 17:03
“Üzr istəmək əvəzinə Moskva 3 gün susdu” - rusiyalı politoloq

SAVASHMEDİA.az xəbər verir ki, bunu rusiyalı politoloq, MDB ölkələri üzrə ekspert Arkadi Dubnov “Kotrikadze Dzyadko” telekanalına müsahibəsində deyib. 

O, güc strukturlarının Yekaterinqburqdakı əməliyyatını və Moskvanın 3 gün susmasını pisləyib.

Amma politoloq güman edir ki, hadisə zamanı öldürülmüş iki azərbaycanlının meyitlərinin qohumlarına təhvil verilməsi, Rusiya və Azərbaycan ombudsmanlarının danışıqlar aparması göstərir ki, nəhayət Moskavadan ən yüksək səviyyədən bu məsələnin araşdırılması və gərginliyin yatırılması barədə əmr verilib. 

O, Rusiya tərəfinin “biz bilmirik və bizə göstəriş vermək lazım deyil” kimi bəhanələrini və Kremlin sözçüsü Dmitri Peskovu açıqlamasını tənqid edib. 

“Peskovun dediyi kimi, Rusiyada hüquq-mühafizə orqanlarının işinin pislənməsi diplomatik demarş üçün səbəb deyil. Bu, kifayət qədər “cəsarətli” bəyanatdır. Nəzərə alsaq ki, Moskva öz diplomatik nümayəndələri vasitəsilə mütəmadi olaraq müxtəlif düşmən ölkələrin təhlükəsizlik qüvvələrinin Rusiya vətəndaşlarına, o cümlədən jurnalistlərə qarşı hərəkətlərinə etiraz edir və hiddətini bildirir. Rusiyanın bu qeyri-adekvat mövqeyi, şübhəsiz ki, çaşdırır və çətin vəziyyətə salır”, - deyə Dubnov vurğulayıb.

Politoloq istisna etməyib ki, bəlkə də şəxsi qisas səbəbindən əyalətdəki güc qüvvələri öz hərəkətlərinin Rusiyanın siyasi rəhbərliyi ilə razılaşdırmayıb. 

Amma ekspert onu da qeyd edib ki, bu hadisə son zamanlar Azərbaycanın nümayiş etdirdiyi mövqe ilə də bağlı ola bilər. “Azərbaycan nümayişkaranə şəkildə Bakının heç bir halda Rusiyanın siyasi təsiri altında olmayacağını göstərməyə çalışır. Rusiyanın geosiyasəti Azərbaycanı əhatə etmir. Azərbaycan müstəqil dövlətdir. Hələlik Rusiya düşmən elan edilməyib, amma Azərbaycanın maraqları Rusiya ilə ziddiyyət təşkil edir və bu durum Moskvanın daim gecikən reaksiyası və ya öz səhvlərini etiraf etməməsi üzündən çətinləşir”.
 
O, bu məqamda ötən ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya səmasında vurulması kimi dramatik hadisəni xatırladıb: “Nə Putin, nə də digər Rusiya liderləri tamamilə aşkar həqiqəti etiraf etmək istəmədilər. Təyyarə nəinki Rusiya hava məkanında vuruldu və buna görə həqiqətən Vladimir Putin üzr istədi, həm də Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vuruldu. İlham Əliyev bu faktın etiraf edilməsini, üzr istənilməsini, təzminatın ödənilməsini tələb edirdi. O, Azərbaycanı ləyaqətlə təmsil etməyə çalışırdı. Lakin Moskva indiyədək üzr istəməyib və səhvlərini etiraf etməyib. Bu, Rusiya ənənəsidir”.

Dubnov diqqətə çatdırıb ki, Yekaterinburq hadisələrində də eyni davranış təkrarlandı. “Gərginliyi ilk gün ərzində yatırtmaq əvəzinə yalnız üç gündən sonra öldürülənlərin cəsədlərini qaytardılar. Niyə meyitləri 3 gün saxladılar?”, - deyə politoloq sual edib.
 
Politoloq onu da qeyd edib ki, hazırda Rusiya və MDB ölkələri arasında məsafə dərinləşir. “Rusiya bu gün Cənubi Qafqaz regionunda toksik nüvə dövləti kimi təqdim olunur”

Xatirə SADİQ