Polşanın bu iki dövlətlə sərhədində nəzarət bərpa olunur

Polşa hökuməti iki qonşusu – Almaniya və Litva ilə sərhədlərdə nəzarəti bərpa edir. 

Jul 1, 2025 - 17:06
Polşanın bu iki dövlətlə sərhədində nəzarət bərpa olunur

SAVASHMEDİA.az Polsat News portalına istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk hökumətin iclasında açıqlayıb. 

Tusk bildirib ki, səhər onun, Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamışın və Sərhəd Xidmətinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib. 

“Biz Polşa ilə Almaniya və Polşa və Litva arasında sərhəddə müvəqqəti nəzarətin bərpası barədə qərar qəbul etdik. Bu qərar bu gün qəbul edilib və bazar ertəsi, iyulun 7-də qüvvəyə minəcək”, - deyə baş nazir əlavə edib.

Tusk həmçinin qeyd edib ki, o, bir neçə dəfə “Almaniya tərəfinə xəbərdarlıq edib” və “yeni kanslerlə bir neçə dəfə danışıb”.

Onun sözlərinə görə, bilavasitə Litva və Almaniya ilə sərhəddə yerləşən yaşayış məntəqələri xüsusi xidmət orqanları tərəfindən xüsusi nəzarətə götürüləcək.

Polsat News-un qeyri-rəsmi məlumatına görə, Tusk qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyəti şəxsən yoxlamaq üçün çərşənbə günü Polşa-Almaniya sərhədinə yollanacaq.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından Polşa-Almaniya sərhədində qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə Almaniya hakimiyyəti tərəfindən tətbiq edilən nəzarət tədbirləri qüvvədədir.

Almaniyanın yeni hökumətinin fəaliyyətə başlaması ilə daxili işlər naziri sərhəd yoxlamalarının artırılması və sığınacaq axtaranların bu məqsədlə başqa Aİ ölkəsinə müraciət etdikləri təqdirdə sərhəddən geri qaytarılması barədə göstəriş verib.

Xatirə SADİQ