Tramp 12 ölkə vətəndaşına Amerikaya girişi qadağan etdi – CNN

ABŞ prezidenti Donald Tramp 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib, daha 7 ölkənin sakinlərinə isə məhdudiyyətlər qoyub.

Jun 5, 2025 - 11:40
Tramp 12 ölkə vətəndaşına Amerikaya girişi qadağan etdi – CNN

SAVASHMEDİA.az bu barədə CNN-ə istinadən xəbər verir.

Məlumata görə, bu ölkələr Əfqanıstan, Myanma, Birma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməndir. Bu qadağanın “təhlükəsizlik riskləri”nə istinadla tətbiq olunduğu diqqətə çatdırılır. 

Qismən məhdudiyyətlər yeddi ölkənin Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuelanın vətəndaşlarına şamil ediləcək.

Bildirilir ki, qadağa qanuni daimi sakinlər, etibarlı viza sahibləri, müəyyən kateqoriyalı vizalar və girişi ABŞ-nin milli maraqlarına uyğun gələn şəxslər üçün istisnaları nəzərdə tutur.

Ağ Ev təmsilçisi qeyd edib ki, Tramp bu sərəncamın imzalanması haqqında yekun qərarı Koloradodakı antisemit hücumdan sonra qəbul edib. O, əvvəllər bu məsələni nəzərdən keçirirdi, lakin bazar günü baş vermiş hücum qərarın qəbulunu sürətləndirib.

Xatırladaq ki, bundan öncə Tramp administrasiyası Kuba, Haiti, Nikaraqua və Venesuelanın 530 min vətəndaşının müvəqqəti hüquqi statusunu ləğv etmək qərarına gəlmişdi. 

“The Washington Post” isə yazmışdı ki, Tramp administrasiyası ildə 1 milyon insanı əhatə edəcək deportasiya planı hazırlayır. 

Xatirə SADİQ