XIV Leo Putini sülh naminə jest etməyə çağırdı – Vatican News
Roma Papası XIV Leo Rusiya prezidenti Vladimir Putinlə ilk telefon danışığı zamanı Kremli sülhü təşviq edəcək jest etməyə çağırıb.
SAVASHMEDİA.az bu barədə Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir.
Bəyanatda bildirilib ki, Ukraynadakı vəziyyətə və sülh mövzusuna xüsusi diqqət yetirilib. “Papa Rusiyanı sülhü təşviq edəcək jest etməyə çağırıb. O, həmçinin tərəflər arasında müsbət təmasların yaradılması və münaqişənin həlli yollarının tapılması üçün dialoqun vacibliyini vurğulayıb”, - deyə qeyd edilir.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya lideri Papa ilə Ukraynadakı müharibəni müzakirə edib və ona “böhranın həllinə kömək etməyə hazır olduğuna, xüsusən Vatikanın kəskin humanitar məsələlərin həllində siyasətsizləşdirilmiş əsasda iştirakına görə” təşəkkür edib.
Putin həmçinin “siyasi və diplomatik yollarla sülhə nail olmaqda maraqlı olduğunu” təsdiqləyib və vurğulayıb ki, “böhranın yekun, ədalətli və hərtərəfli həlli üçün onun ilkin səbəbləri aradan qaldırılmalıdır”.
O, həmçinin Roma Papasına hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsinə dair ikinci raundda əldə olunan konkret razılaşmalar barədə məlumat verib və bildirib ki, “Rusiya tərəfi uşaqların qohumlarına qovuşması üçün bütün mümkün tədbirləri görür”.
Putin iddia edib ki, Kiyev guya Rusiya ərazisində mülki infrastruktur obyektlərinə qarşı təxribat törədir.
Xatırladaq ki, bundan öncə XIV Leo özü Ukrayna və Rusiya arasında danışıqlar üçün məkan kimi Vatikanın seçilməsini təklif edib. Bu ideya Kiyev, Avropa dövlətləri və ABŞ tərəfindən dəstəklənib.
Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, ölkəsi Vatikanda Ukrayna ilə danışıqlarda iştirakdan imtina edir, çünki söhbət “iki pravoslav ölkəsi” nümayəndələrinin “katolik meydançasında”nda görüşündən gedir. Bu, guya Vatikanın özü üçün “çox rahat” olmayacaq.
Xatirə SADİQ