“Senat Trampa bunu da verməyə hazırdır” - Lindsi Qrem
“Senat yaxın vaxtda Rusiya lideri Vladimir Putinin davranışını nəzərə almaqla ona qarşı ABŞ prezidenti Donald Trampa daha çox alətlər verməyə hazırdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem “X” sosial şəbəkəsində yazıb.
Qremin sözlərinə görə, o, həmişə Trampın Rusiya və Ukrayna arasındakı müharibəni düzgün və ədalətli şəkildə bitirə biləcək yeganə şəxs olduğuna inanıb.
Eyni zamanda amerikalı senator Rusiyaya yanaşmanın dəyişdirilməsinin zəruriliyinə eyham vurub.
“Aydındır ki, Putinin davranışını və ağlabatan olmaqdan imtinasını nəzərə alsaq, Senat tezliklə prezident Donald Trampın arsenalına daha çox alət verəcək və bu, şirin qoğal olmayacaq”, - deyə Qrem vurğulayıb.
O, əlavə edib ki, Trampın rusiyalı həmkarını danışıqlar masasına oturtmağa çalışmaq üçün onunla müsbət münasibət qurması faktını yüksək qiymətləndirir. “Mən həmişə bu yanaşmanı dəstəkləmişəm, lakin sülhün bərqərar olması üçün buna hazır olan tərəfdaşlar tələb edilir”, - deyə senator diqqətə çatdırıb.
Xatırladaq ki, senatorlar Riçard Blümental (demokrat) və Lindsi Qrem (respublikaçı) və 80 həmmüəllif atəşkəsə razı olmaqdan imtina etdiyinə görə Rusiyaya əlavə iqtisadi sanksiyalar tətbiq edən qanun layihəsi təqdim ediblər. Bu layihə Rusiya neftini alan ölkələrdən idxal olunan mallara 500 faizlik rüsum tətbiq olunmasını nəzərdə tutur.
Xatirə SADİQ