Aİ səfiri Gürcüstan prezidentini məyus etdi – “etiraz edirəm…”

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqının (Aİ) səfiri Pavel Gerçinskinin “Gürcü Arzusu”nun xarici işlər naziri Maka Boçorişvili ilə görüşməsini tənqid edib.

Dec 11, 2024 - 14:26
Aİ səfiri Gürcüstan prezidentini məyus etdi – “etiraz edirəm…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.

Hakim partiyanın yeni hökumətini qeyri-legitim hesab edən Zurabişvili bununla bağlı Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri ilə Tiflisdə keçirdiyi görüşdə danışıb. 

“Mən Aİ səfiri ilə de-fakto xarici işlər naziri arasındakı qıcıqlandırıcı əl sıxmaya şiddətlə etiraz etməklə başladım”, - deyə prezident “X”də yazıb. 

O, qeyd edib ki, Gercinskinin prezidenti tərifləməsi bunu kompensasiya etmir.

Gerçinski özü “X” sosial şəbəkəsində yazıb ki, Zurabişvilinin Gürcüstanın demokratiyaya və Avropaya can atmasının dəstəklənməsi ilə bağlı cəhdləri həlledici əhəmiyyət kəsb edir və Aİ gələn həftə əlavə tədbirlərə (Gürcüstan hakimiyyəti ilə bağlı) baxacaq.

“Gürcü Arzusu”nun liderlərindən biri Mamuka Mdinaradze görüş faktını belə şərh edib: “Həyat davam edir. Və Aİ səfiri (xarici işlər naziri ilə) əl sıxacaq və nəticədə əməkdaşlıq edəcək”.

Estoniya parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Marko Mixelson bu görüşü belə şərh edib: “Avropa İttifaqı, zəhmət olmasa, oyanın!”.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinskinin yeni xarici işlər naziri Maka Boçorişvili ilə görüşdüyü barədə məlumat yayıb.

Press-relizə görə, görüşdə Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərin mühüm aspektlərinə toxunulub.

Qeyd edilib ki, Aİ səfiri Gürcüstanda baş verənlərlə bağlı narahatlığını bildirib. Buna cavab olaraq gürcü tərəfi seçkilərlə bağlı siyasi spekulyasiyaların davam etməsindən və Avropa Parlamentinin qətnaməsində səslənən ismarıcların Gürcüstanda süni böhranın yaranmasına töhfə verməsindən narahatlığını ifadə edib. 

Xatirə SADİQ