Zelenskidən Trampla Putinin telefon söhbətinə reaksiya
Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Kreml lideri Vladimir Putinlə telefon söhbətinə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna KİV-i bu barədə Zelenskinin sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat yayıb.
Ukrayna liderinin sözlərinə görə, dünyanın əksər liderləri Rusiya ilə müxtəlif səviyyələrdə danışıb, lakin heç bir söhbət nəinki etibarlı sülhə, hətta müharibənin sona çatmasına gətirib çıxarmayıb.
“Təəssüf ki, Putin özünü cəzasız hiss edir və hətta Rusiyanın bütün dəhşətli zərbələrindən sonra da guya daha bir neçə “cavab” hazırlayır. Bu o deməkdir ki, Rusiya diplomatiyada hər yeni zərbə, hər yeni ertələmə ilə bütün dünyaya orta barmağını göstərir. Rusiyaya təzyiqi artırmaq istəməyən hər kəsə. Baxmayaraq ki, sülh axtaran Rusiyadır. Məhz onlar orada, Moskvada hiss etməlidirlər ki, müharibənin öz qiyməti – böyük qiymət və məhz təcavüzkar üçün ən yüksək qiymət var”, - deyə Ukrayna prezidenti diqqətə çatdırıb.
Zelenski qeyd edib ki, 2025-ci ilin əvvəlindən Rusiya ordusu Ukraynaya demək olar ki, 27 700 hava bombası, 11 200 “şəhid” və 9 000-ə yaxın digər növ PUA, həmçinin ballistik raketlər də daxil olmaqla 700-dən çox raketdən istifadə etməklə zərbələr endirib.
Onun sözlərinə görə, Putin güc və təzyiq deyil, zəiflik hiss edəndə həmişə yeni cinayətlər törədir.
“O, belə münasibəti üstüörtülü icazə – yeni vəhşiliklərə, yeni zərbələrə, yeni qətllərə icazə kimi qəbul edir. Əgər güclülər Putini dayandırmırsa, bu, o deməkdir ki, onlar onunla məsuliyyəti bölüşürlər. Əgər istəyirlər, amma onu dayandıra bilmirlərsə, Putin daha onları güclü hesab etməyəcək”, - deyə Zelenski əminliklə vurğulayıb.
Xatirə SADİQ