Vaşinqton səmasında təyyarə ilə helikopter toqquşdu

Yanvarın 30-na keçən gecə Vaşinqtonun Ronald Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi eniş zamanı havada hərbi vertolyotla toqquşub.

Jan 30, 2025 - 06:45
Vaşinqton səmasında təyyarə ilə helikopter toqquşdu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

ABŞ Federal Aviasiya Administrasiyasına (FAA), Müdafiə Nazirliyinə və Birləşmiş Ştatların digər dövlət qurumlarına istinadən yayılan məlumata görə, toqquşma nəticəsində təyyarə hava limanı yaxınlığındakı Potomak çayına düşüb. 19 nəfərin həlak olduğu bildirilir.

 Təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub. Hadisə yerində dalğıcların cəlb olunduğu genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam edir.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, həm federal, həm də yerli hüquq-mühafizə orqanları mümkün qədər çox insanın həyatını xilas etmək üçün hadisə yerində birlikdə işləyirlər.

Hüquq-mühafizə orqanlarındakı mənbə “CNN”ə bildirib ki, itkilər təsdiqlənib və xilasedicilər hələlik sudan sağ qalanları çıxarmayıb: “Təyyarə dağıntılar şəklində suda dayanıb, vertolyot isə yaxınlıqda sudadır”.

Qəzaya uğrayan təyyarə “American Airlines” aviaşirkətinin 5342 saylı reysini yerinə yetirən “Bombardier CRJ700” regional təyyarəsi olub. Layner həmin günün əvvəlində Kanzas ştatının Viçita şəhərindən havaya qalxıb.

İlkin məlumata görə, təyyarə eniş zamanı üç nəfərlik ekipajı olan və VIP sərnişinləri daşımayan ABŞ ordusuna məxsus “Sikorsky H-60 Black Hawk” helikopteri ilə toqquşub. Helikopter Virciniya ştatındakı hərbi bazasından havaya qalxıb. 

Reyqan adına Milli Hava Limanı fövqəladə vəziyyətə görə müvəqqəti olaraq bağlanıb. 

Xatirə SADİQ