“Vaşinqton xəbərsiz olub” – ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti ölkəsinin rusiyalı general İqor Kirillova qarşı sui-qəsd cəhdindən xəbərsiz olduğunu bildirib.

Dec 18, 2024 - 12:59
“Vaşinqton xəbərsiz olub” – ABŞ Dövlət Departamenti

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Onun sözlərinə görə, Vaşinqton rusiyalı general İqor Kirillova hazırlanan sui-qəsd barədə heç nə bilməyib.

“Bizin bu işlə əlaqəmiz yoxdur. Yəqin ki, o açıq-aydın bir sıra cinayətlərə qarışmış  general olub. O, Ukrayna hərbçilərinə qarşı kimyəvi silahdan istifadədə iştirak edib. Bu, ABŞ-nin əvvəllər aşkarladığı məsələ idi. Onun komandanlığı altında olan rus hərbçiləri beynəlxalq hüququ pozaraq döyüş meydanında kimyəvi maddələrdən istifadə etdi. Amma bu fərdi hadisəyə gəldikdə, mənim heç bir şərhim yoxdur”, - deyə Miller vurğulayıb.

Dövlət Departamenti ilə yanaşı, ABŞ Müdafiə Nazirliyi də qətldə ölkəsinin əli olmadığını bəyan edib. 

“Deyə bilərəm ki, bu əməliyyatdan əvvəlcədən xəbərimiz yox idi”, - deyə Pentaqonun mətbuat katibi Pətt Rayder brifinq zamanı  bildirib. 

O, əlavə edib ki, Birləşmiş Ştatlar bu cür fəaliyyəti dəstəkləmir və buna yol vermir.

Çərşənbə günü səhər Rusiya mediası Kirillovun qətlində şübhəli bilinən iki şəxsin saxlanıldığını xəbər verib. 

Rusiya Federasiyasının İstintaq Komitəsi bəyanat yayaraq, saxlanılanlardan birinin Özbəkistan vətəndaşı olduğunu və ona Kirillovun qətlinə görə 100 min dollar vəd edildiyini iddia edib. Rusiya hakimiyyəti qətlin təşkilində Ukrayna xüsusi xidmət orqanlarını ittiham edib.

Müstəqil mənbələr bu məlumatı təsdiqləməyiblər. Bundan öncə “Reuters” mənbələrə istinadən xəbər vermişdi ki, rusiyalı generalın ləğvinin arxasında Ukrayna Təhlükəsizlik Xidməti dayanır.

Rəsmi Kiyev bu xəbərləri şərh etməyib.

Generalın qətlindən bir gün öncə Ukrayna Təhlükəsizlik Xidməti qiyabi şəkildə Kirillova qarşı şübhələrini irəli sürüb. Qurum hesab edir ki, rusiyalı general Ukrayna silahlı qüvvələrinə qarşı kimyəvi silahdan istifadəyə görə məsuliyyət daşıyır. 

Bundan əvvəl isə Ukraynada kimyəvi silahdan istifadə ilə bağlı Kirillovun adı Britaniyanın sanksiya siyahısına daxil edilib.

ABŞ və onun müttəfiqləri isə Rusiya ordusunun döyüş əməliyyatlarında xloropikrin adlı zəhərli maddədən istifadə etdiyini bildirmişdilər. May ayında Dövlət Departamenti Rusiyanın dövlət qurumlarına və kimyəvi və bioloji silahların inkişafı proqramları ilə əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq edib. 

Xatirə SADİQ