“Wikipedia”ya ianələr dayandırılmalıdır – İlon Mask
Tramp administrasiyasında vəzifə tutacaq amerikalı milyarder İlon Mask “Wikipedia” onlayn ensiklopediyasına ianələri dayandırmağa çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, “Wikipedia” redaktor səlahiyyətlərində tarazlığı bərpa edənə qədər ianələri dayandırılmalıdır.
Mask nəzərə çatdırıb ki, onun “Wikipedia”nın adının bir il müddətinə ədəbsiz sözlə (“Dickipedia”) əvəz olunması üçün 1 milyard dollar ödəmək təklifi hələ də qüvvədədir.
Sahibkar istehza ilə “Wikipedia”nı “Wokedia” da adlandırıb. “Woke” sözü əvvəlcə Amerikanın siyasi diskursunda sosial ədalətsizliyə qarşı mübarizə aparan şəxslərə aid edilirdi, lakin sonralar bu sözün mənası neqativ çalar aldı. İndi onu daha çox özünü mütərəqqi hesab edən ikiüzlü insanları təsvir etmək üçün istifadə edirlər.
Mask bu tərzi ilə “Wikipedia”nın işini dəstəkləyən qeyri-kommersiya xeyriyyə şirkəti olan “Wikimedia”nın hesabatına cavab verib.
Xatırladaq ki, milyarderin “Wikipedia” ilə münaqişəsi bir il əvvəl başlayıb. Bu, informasiya mənbələrinin etibarlılığını yoxlayan “NewsGuard” şirkətinin “X” sosial şəbəkəsini İsrail və “HƏMAS” münaqişəsi barədə dezinformasiyaların süperyayımçısı adlandırmasından sonra baş verib. Maskı əvvəllər tənqid edən “Wikipedia”nın qurucusu Cimmi Ueyls “NewsGuard” şirkətinin məşvərət şurası üzvlərindən biridir.
Xatirə SADİQ