Pavlovun Kiyevdəki abidəsi söküldü - FOTO
Kiyevin Peçerski rayonunda rus fizioloqu İvan Pavlovun şərəfinə uzaldılmış abidə sökülüb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Kiyevin əraziyə nəzarət departamentindən bildirilib.
Bu addımın paytaxtda derusifikasiya və ictimai məkanların rus xadimləri ilə əlaqəli obyektlərdən təmizlənməsi çərçivəsində atıldığı nəzərə çatdırılıb.
Departament qeyd edib ki, Pavlovun elmə verdiyi töhfələrə baxmayaraq, onun fiquru imperiya narrativləri ilə əlaqəli olub.
“Tarixən İvan Pavlovun məktəbi təkcə heyvanlar üzərində deyil, həm də insanlar üzərində qəddar təcrübələr aparıb. Xüsusən də bu təcrübələr üçün 6-15 yaş arası evsiz uşaqlardan istifadə edilib”, - deyə məlumatda vurğulanıb.
Bu demontaj Kiyev Şəhər Şurasının paytaxtın ictimai məkanından çıxarılmalı olan obyektlərin siyahısı ilə bağlı qərarına uyğun olaraq həyata keçirilir.
Pavlovun abidəsi bundan sonra digər sökülən obyektlərin saxlanıldığı A.K.Antonov adına Ukrayna Dövlət Aviasiya Muzeyinə veriləcək.
Xatirə SADİQ