İsrailin baş naziri Trampın Ağ Evdə qəbul edəcəyi ilk lider ola bilər – “Associated Press”
İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşməyə ümid edir.
SAVASHMEDIA.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.
Agentlik qeyd edib ki, səfər bu müddət ərzində baş tutsa, Netanyahu inauqurasiyadan sonra Ağ Evdə Trampla görüşən ilk xarici lider ola bilər.
Tramp özü “Air Force One” təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbətində İsrail baş nazirinin gözlənilən səfərinə eyham vursa da, detalları açıqlamayıb.
“Mən Netanyahu ilə çox da uzaq olmayan gələcəkdə danışacağam”, - deyə ABŞ prezidenti vurğulayıb.
Bu arada Nyu-York sinaqoqunun təntənəli açılışında Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff tədbir iştirakçılarına bildirib ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına diqqəti davam etdirmək üçün çərşənbə günü İsrailə səfər edir. Mənbələrin sözlərinə görə, o, Netanyahu və digər İsrail rəsmiləri ilə danışıqlar aparacaq.
İsrail məmuru da agentliyə açıqlamasında Netanyahunun fevralda Ağ Evə səfərinin gözlənildiyini bildirib, lakin tarixi dəqiqləşdirməyib.
Xatirə SADİQ