“Duz kralı” Nusretin qardaşı həbs edildi – Uşaq cinsi istismarı...

Türkiyədə məşhur restoranlar şəbəkəsinin sahibi Nusret Gökçenin qardaşı Özgür Gökçe saxlanılıb.

Apr 27, 2026 - 18:31
“Duz kralı” Nusretin qardaşı həbs edildi – Uşaq cinsi istismarı...

SAVASHMEDİA.az xəbər verir ki, Özgür Gökçe Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunub. O, “uşaq cinsi istismarına vasitəçilik etmək” ittihamı ilə təqsirləndirilir.

Məlumata görə, yanvarın 30-da prokurorluğun İstintaq Bürosu aparılan araşdırma çərçivəsində fahişəliyə vasitəçilik və yer təmin etmə şübhəsi ilə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı şübhəlilərin telefonlarında aparılan yoxlamalar nəticəsində fahişəlik fəaliyyəti üçün müştəri tapan şəxslər və bu fəaliyyətlərdən əldə edilən gəlirlərin toplanıldığı bank hesabları müəyyən edilib.

Əldə edilən yeni sübutlar əsasında aprelin 17-də ikinci əməliyyat həyata keçirilib. Nəticədə, fahişəliyə vasitəçilik etdiyi müəyyən edilən 7 şübhəli həbs olunub, 6 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilib.

Aprelin 24-də aparılan istintaq zamanı fahişəlik fəaliyyətlərinə vasitəçilik etdiyi iddia olunan Özgür Gökçe barəsində saxlanılma qərarı verilib. İfadə verən şübhəli aprelin 27-də həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Xatırladaq ki, Nusret Gökçe dünyaca məşhur “Nusr-Et Steakhouse” restoranlar zəncirinin sahibidir. Duz səpmə hərəkəti ilə məşhurlaşan Nusret Gökçe “Duz kralı” (Salt Bae) adını alıb. 

Dieqo Maradona, Devid Bekhem, Edqar Davids, Rikardo Kuarejma, Kilian Mbappe, Kristiano Ronaldo, Lionel Messi, Kərim Benzema, Roman Abramoviç, Leonardo DiKaprio, Donald Trampın qızı Tiffani Tramp, Kıvanç Tatlıtuğ, Müge Anlı, Şahan Gökbakar, Burcu Esmersoy, Mahmut Tuncer kimi məşhurlar Nusret Gökçenin restoranlarında qonaq olublar.

Duru