“X” platforması məhkəməyə verildi – Berlində

Almaniyanın iki ictimai təşkilatı fevralın 23-də ölkədə keçiriləcək seçkilər ərəfəsində “X” sosial media şəbəkəsinə qarşı Berlin məhkəməsində iddia qaldırıb.

Feb 6, 2025 - 11:23
“X” platforması məhkəməyə verildi – Berlində

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Məlumata görə, Vətəndaş Hüquqları Naminə Cəmiyyət (GFF) və Beynəlxalq Demokratiya Hesabatı (DRI) bu addımı dezinformasiyaya nəzarət etmək üçün lazım olan məlumatlara çıxışın təmin olunmasından “X”in imtina etməsi ilə izah edib. Alman fəallarının sözlərinə görə, “X” platforması postların əhatə dairəsi, bəyənmə və paylaşımların sayı kimi əsas məlumatlara sistematik girişi təmin etmir.

“Digər platformalar bizə öz platformalarında ictimai müzakirələri izləmək imkanı verdi, lakin “X” bunu etməkdən imtina etdi”, - deyə DRI fəalı Maykl Mayer-Resende vurğulayıb.

Fəallar diqqətə çatdırıblar ki, Avropa Birliyinin (Aİ) rəqəmsal xidmətlər haqqında qanununa (DSA) əsasən bu məlumatları əldə etmək hüquqları var. Həmin qanun iri platformaların üzərinə, xüsusilə seçki kampaniyaları zamanı, məzmunun yayılmasında şəffaf və məsuliyyətli olmaq öhdəliyi qoyur.

“Reuters” qeyd edir ki, Avropada potensial dezinformasiya və ya seçki proseslərinə təsirlə bağlı güclü monitorinq davam edir. Rusiyayönlü namizədin sosial media kampaniyası vasitəsilə birinci turda qalib gəldiyi Rumıniyada ləğv edilmiş prezident seçkiləri ilə bağlı qalmaqaldan sonra platformalara nəzarət əhəmiyyətli dərəcədə artıb.

“Almaniyada “X” platformasına xüsusi diqqət ayrılır, çünki əksər təşkilatların bu yaxınlarda həmin platformanı tərk etməsinə baxmayaraq, alman məmurlarının və siyasətçilərinin çoxu ondan istifadə etməyə davam edir. Maskın ifrat alman sağçılarına “X”də dəstəyindən sonra vəziyyət daha da gərginləşib”, - deyə agentlik vurğulayıb.

Qeyd edək ki, “Twitter”i aldıqdan sonra Mask tədqiqatçıların əvvəllər platformada məlumatın yayılmasını izləyə bildiyi giriş nöqtələrinin əksəriyyətini bağlayıb və bu girişi pullu xidmətə çevirib.

Xatirə SADİQ