Xameneinin öldürüldüyü yer muzeyə çevriləcək

İranın ali dini lideri Əli Xameneinin həyatını itirdiyi iddia olunan məkanın muzeyə çevrilməsi planlaşdırılır. 

Apr 16, 2026 - 13:30
Xameneinin öldürüldüyü yer muzeyə çevriləcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tehran şəhərinin meri Əlirza Zəkani açıqlama verib.

O bildirib ki, 40 gün davam edən müharibənin ilk günlərində baş verən hadisələrin izlərini qorumaq məqsədilə bəzi dağıdılmış obyektlər xüsusi status alacaq. Merin sözlərinə görə, paytaxtda yerləşən Paster İnstitutu və Minab Məktəbi kimi zərər görmüş binaların bir hissəsi bərpa olunmadan, mövcud vəziyyətdə saxlanılaraq muzey formatında təqdim ediləcək.

Zəkani vurğulayıb ki, bu məkanlar yalnız dağıntı nümunələri deyil, həm də siyasi və tarixi mesaj daşıyır: “Bu yerlər ABŞ-ın törətdiyi cinayətlərin sübutudur və İran xalqının müqavimət tarixinin canlı şahidləridir.”

Planlaşdırılan muzey layihəsinin əsas məqsədi gələcək nəsillərə baş verən hadisələri daha aydın şəkildə çatdırmaq, eyni zamanda ölkənin yaxın tarixində baş verən münaqişələrin yaddaşını qorumaqdır. Layihə çərçivəsində həmin ərazilərdə həm açıq ekspozisiyaların, həm də hadisələri əks etdirən arxiv materiallarının nümayişi nəzərdə tutulur.

Səlcuq