Putin səngərini “dənizlərdə qurur” - Avropa gəmiləri hədəfdə, sularda döyüş
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin Rusiya ticarət gəmilərinə qarşı mümkün hücumlarına sərt cavab veriləcəyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Putin bu barədə avqustun 12-də Rusiyanın Uzaq Şərqində keçirilən hərbi-dəniz təlimlərini izləyərkən bildirib.
Rusiya lideri bəyan edib ki, Avropa İttifaqı ölkələri Rusiya yükləri daşıyan kommersiya gəmilərini ələ keçirərsə, Moskva da eyni qaydada cavab verəcək.
Putin Rusiyanın cavab tədbirlərinin yalnız gəmilərin saxlanıldığı ərazi ilə məhdudlaşmayacağını vurğulayıb. Onun sözlərinə görə, Moskva Avropa ölkələrinin gəmilərini “lazım bildiyi və məqsədəuyğun hesab etdiyi istənilən yerdə” ələ keçirəcək.
Rusiya Prezidenti Avropa ölkələrinin Rusiya ilə əlaqəli olduğu iddia edilən “kölgə donanması”na qarşı tədbirlərini də tənqid edib. O, Rusiya gəmilərinin saxlanılmasını beynəlxalq dəniz hüququnun pozulması və piratlıq kimi qiymətləndirib.
Xatərladaq ki, Aİ Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iddia olunan “kölgə donanması”na qarşı tədbirləri sərtləşdirib. Yüzlərlə gəmi sanksiya siyahısına salınıb, bəzi gəmilər isə saxlanılaraq yoxlanılıb.
Rusiya Sakit Okean Donanmasının komandanı Viktor Liina da xarici gəmilərin yoxlanılması və saxlanılmasına hazır olduqlarını bildirib. O, xüsusilə Qərb ölkələri ilə əlaqəli və üçüncü ölkələrin bayraqları altında üzən gəmilərin də nəzarətə götürülə biləcəyinə işarə edib.
Beləliklə, Moskvanın son açıqlaması Rusiya ilə Avropa arasında artıq mövcud olan sanksiya qarşıdurmasının dənizlərdə də daha ciddi qarşıdurmaya çevrilə biləcəyi barədə siqnalların artdığını göstərir.
Oğuz