Xameneinin üzüyünə dinləmə cihazı belə yerləşdirilib - "Bu, film mövzusu olmalıdır"
İranın Ali Rəhbəri Ayətulla Seyid Əli Xameneinin öldürülməsi ilə bağlı yeni iddia ortaya atılıb.
SAVASHMEDİA.az xəbər verir ki, iddianın müəllifi İsrail əsilli hüquq müdafiəçisi Devid Keyesdir.
D. Keyes bildirib ki, İsrail Xameneinin üzüyünə dinləmə cihazı yerləşdirib:
“Xameneinin üzüyünə dinləmə cihazı yerləşdirilib. Əvvəl bunu deyib-deməməkdə tərəddüd edirdim. Ancaq indi o, öz evində, təhlükəsizlikdədir. Ona görə də ad çəkə bilərəm. Üzüyə dinləmə cihazını yerləşdirən MOSSAD agenti Şama Hakoldur. Şama mənim çox yaxın dostumdur. O, bu missiya üçün çox böyük risk alıb. Şamanın bu cəsarəti bir gün mütləq film mövzusu olacaq”.
Devid Keyesin üzüklə bağlı iddiası iki fikri ağıllara gətirib. Belə ki, bəziləri bu iddianın doğru olduğunu düşünür. Bəzilərinə görə isə bu açıqlama İsrail kəşfiyyatının (MOSSAD-ın) agenti İsmayıl Qaanini təmizə çıxarmaq cəhdidir.
Xatırladaq ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei və İranın 49 yüksəkvəzifəli rəsmisi 28 fevralda ABŞ ilə İsrailin birgə hücumu zamanı həlak olub. İsrail və ABŞ rəhbərliyi Xameneinin olduğu yerin koordinatlarını kəşfiyyat məlumatı əsasında əldə etdiklərini bildiriblər.
Bundan sonra şübhə oxları Xameneinin və digər İran rəsmilərinin öldürüldüyü gün iclası hücumdan bir müddət öncə tərk edən Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaniyə çevrilib. İsmayıl Qaani bundan əvvəl də müxtəlif illərdə iki dəfə (2024, 27 sentyabr – Hizbullah lideri Həsən Nəsrullah sui-qəsdi; 2025, 13-24 iyun - yüksəkrütbəli İran zabitlərinin və nüvə alimlərinin öldürüldüyü İsrail-İran müharibəsi) İsrail hücumlarından sağ çıxıb.
İ.Qaaninin adı 2025-ci ildə də şübhəli kimi hallanıb. Lakin bu zaman MOSSAD İ.Qaaninin agenti olduğu iddiasını təkzib edib. Xameneinin ölümündən sonra yayılan məlumatlara görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail agenti olması şübhəsinə əsasən İsmayıl Qaanini saxlayıb. İsmayıl Qaani ittihamları rədd edib.
Banu