Yamal Messinin onu çimizdirməsindən danışdı - "Bu haqda heç vaxt..."
2007-ci ildə çəkilən və Lionel Messinin körpə Lamin Yamalı çimizdirdiyi foto illər sonra futbol dünyasının ən məşhur kadrlarından birinə çevrilib.
SAVASHMEDİA.az xəbər verir ki, həmin foto ilə bağlı həm Messi, həm Yamal, həm də fotosessiyanı həyata keçirən fotoqraf Joan Monfort maraqlı açıqlamalar verib.
Lionel Messi bildirib ki, həmin gün çəkilən fotonun gələcəkdə bu qədər məşhur olacağını heç vaxt düşünməyib:
"Bu şəkil, həqiqətən də, dəlilikdir. O vaxt bu fotonun gələcəkdə bu qədər məşhurlaşacağını təsəvvür belə edə bilməzdim. Lamin Yamal bu gün dünyanın ən yaxşı futbolçularından biridir".
Yamal isə deyib ki, Messi ilə həmin foto barədə indiyədək heç vaxt söhbət etməyib:
"O şəkil çəkiləndə, təbii ki, heç nədən xəbərim yox idi. (gülür-red) Messi ilə məni çimizdirdiyi foto haqqında heç vaxt danışmamışıq. Atam həmin fotonu illərlə saxlamışdı. Onu əvvəllər paylaşmırdıq, amma sonradan foto necəsə bütün dünyada məşhurlaşdı".
Fotosessiyanın müəllifi Joan Monfort da maraqlı detallar açıqlayıb. Onun sözlərinə görə, o vaxt cəmi 20 yaşı olan Messi körpə ilə necə davranacağını bilmirdi və bir qədər utanırdı.
"Messi çox utancaq idi. Əvvəllər heç vaxt qucağına körpə almamışdı. Onun özünü rahat hiss etməsi üçün evdən qızımın rezin ördəyini də gətirmişdim".
Xatırladaq ki, sözügedən fotosessiya UNICEF və "Diario Sport" qəzetinin xeyriyyə təqvimi üçün təşkil olunmuş, Yamalın ailəsi isə püşkatma nəticəsində seçilmişdi.
Aytən