Zaxarova Qarabağ ermənilərindən danışdı - Bakını müdafiə etdi
Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası üçün bütün imkanları yaradıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə erməni jurnalistin Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq tərk etmiş ermənilərin geri qayıtması ilə bağlı sualını cavablandırarkən bildirib.
“Biz dəfələrlə Bakının əhalinin geri qayıtmasına yönəlmiş konstruktiv addımlarını vurğulamışıq. Qayıtmaq imkanı var idi və indi də var. Sadəcə bu fürsətdən istifadə etmək lazımdır... Bəs rəsmi İrəvan insanların geri qayıtması üçün nəsə edibmi?”, - o deyib.
Erməni jurnalistin guya Azərbaycanın Xankəndində kütləvi şəkildə yaşayış binalarını, XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid yaşayış kvartallarını sökməsi ilə bağlı təxribatçı sualına Rusiya XİN sözçüsü belə cavab verib:
“Anladığım qədər burada söhbət Azərbaycan ərazilərindən gedir. Orada bu ölkənin qanunları işləyir. Bu, birincisi. İkincisi isə, əgər burada söhbət mədəni abidələrdən gedirsə, bununla məşğul olan beynəlxalq təşkilatlar var, onlara müraciət edilə bilər...UNESCO var. Ölkələrlə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Bu sual dəqiq bizə ünvanlanmamalıdır”, - deyə Zaxarova vurğulayıb.