Zelenski Roma Papası ilə danışdı - xahiş etdi ki...

Ukrayna prezidenti Volodimir Zelenski yeni Roma Papası XIV Leo ilə ilk dəfə telefonda danışıb. 

May 12, 2025 - 14:08
Zelenski Roma Papası ilə danışdı - xahiş etdi ki...

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski “Telegram”da məlumat paylaşıb. 

“Papa XIV Leo ilə danışdım. Bu, bizim ilk söhbətimiz idi, lakin artıq çox sıcaq və həqiqətən məzmunlu idi. Ukraynanı və bütün xalqımızı dəstəklədiyinə görə təşəkkür etdim. Biz Zati-Müqəddəslərinin ölkəmiz üçün ədalətli və davamlı sülhə nail olunmasının və əsirlərin azad edilməsinin zəruriliyi haqqında sözlərini çox qiymətləndiririk”, - deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, söhbət zamanı Rusiya tərəfindən deportasiya edilən minlərlə ukraynalı uşağın məsələsində də toxunulub, çünki Ukrayna onların evlərinə, öz ailələrinə qaytarılmasında Vatikanın köməyinə ümid edir.

“Ukrayna ilə tərəfdaşlarımız arasında əldə olunmuş razılıq barədə məlumat verdim ki, bu gündən etibarən, ən azı, 30 gün ərzində tam, qeyd-şərtsiz atəşkəs olmalıdır. Həmçinin istənilən formatda gələcək danışıqlara, xüsusən də dəfələrlə vurğuladığımız kimi, birbaşa danışıqlara hazır olduğumuzu təsdiqlədim. Ukrayna bu müaribəni başa çatdırmaq istəyir və bunun naminə hər şeyi edir. Rusiya tərəfindən də müvafiq addımlar atılmasını gözləyirik”, - deyə Ukrayna prezidenti əlavə edib.

Sonda Zelenski nəzərə çatdırıb ki, Roma papasını Ukraynaya apostol səfərinə dəvət edib: “Belə səfər bütün dindarlara, bütün xalqımıza əsl ümid bəxş edərdi”. 

Xatırladaq ki, mayın 11-də Roma papası XIV Leo Ukraynada səmimi və möhkəm sülhə, eləcə də Qəzza zolağında döyüşlərin dərhal dayandırılmasına, eyni zamanda girovların azad edilməsinə çağırıb.

Xatirə SADIQ