“Zurabişvilinin həbslə hədələnməsi qəbuledilməzdir” – Fransa XİN

Fransa Xarici İşlər Nazirliyi nəzdində Avropa məsələləri üzrə nazir-nümayəndəsi Bencamin Addad Gürcüstan prezidenti Salome Zurabişvilinin həbslə hədələnməsini yolverilməz adlandırıb.

Dec 28, 2024 - 12:48
“Zurabişvilinin həbslə hədələnməsi qəbuledilməzdir” – Fransa XİN

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə fransalı diplomat “X” sosial şəbəkəsində yazıb. 

Onun sözlərinə görə, “Gürcü Arzusu”nun prezident Salome Zurabişvilini həbslə hədələməsi hər hansı Avropa perspektivi ilə bir araya sığmır. “Etirazçılara qarşı zorakılıq və təhdidlərə son qoyulmalıdır. Fransa gürcü xalqının avropalı və demokratik istəklərini dəstəkləyir”, - deyə Addad vurğulayıb. 

Qeyd edək ki, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin səlahiyyətləri dekabrın 29-da Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra başa çatır. Amma Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin və dekabrın 14-də Kavelaşvilinin “Gürcü arzusu” tərəfindən seçilməsinin nəticələrini tanımadığı üçün vəzifəsində qalacağını bəyan edib. Müxalifət Zurabişvilini, o cümlədən onun prezident iqamətgahında fiziki müdafiəsini dəstəkləməyə hazır olduğunu bildirib. 

Gürcüstanın baş naziri İrakli Kobaxidze xəbərdarlıq edib ki, prezident qanunda nəzərdə tutulmayan hər hansı səbəbdən yeni parlament seçkiləri təyin etmək qərarına gələrsə, onu mühakimə edəcəklər. O, həmçinin bəyan edib ki, əgər Zurabişvili səlahiyyətləri başa çatdıqdan sonra Atonelidəki iqamətgahı tərk etməkdən imtina edərsə, oradan zorla çıxarılacaq və islah-əmək müəssisəsinə köçürüləcək.

Xatirə SADİQ