10 yeni metro stansiyası bu ərazilərdə tikiləcək - Yerlər AÇIQLANDI

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində toxunduğu məsələlərdən biri də nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlıdır.

Jan 8, 2026 - 13:03
10 yeni metro stansiyası bu ərazilərdə tikiləcək - Yerlər AÇIQLANDI

Belə ki, İlham Əliyev yaxın illərdə yeni 10 metro stansiyasının tikintisinin nəzərdə tutulduğunu qeyd edib.

SAVASMEDİA.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır.

Qeyd olunub ki, ümumən, Yaşıl xəttin üzərində Ağ şəhər, NZS, Nargilə adlanan ərazilərdə və "Həzi Aslanov-2" olmaqla 4 stansiya tikilməlidir. Bənövşəyi xətt üzrə "B-04" stansyasından sonra "Nizami", "Sahil", "Xətai" stansiyalarına keçid funksiyalı, "Neftçilər" xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə Bənövşəyi xəttin "Xocəsən" elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması da nəzərdə tutulub:

Qurumdan verilən məlumata görə, hazırda Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir:

"Bununla yanaşı, hazırda əsas təchizat məsələləri , infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur".

Vurğulanıb ki, 2025-ci ildə həmçinin Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə mərhələli işlərə başlanılıb. Dövlət proqramına əsasən tikintisinə başlanılan "Dərnəgül" elektrik deposunda da işlər plan üzrə icra edilir. Hazırda təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir:

"Qeyd edilənlərlə yanaşı, xətlərin ayrılması layihəsi çərçivəsində "İçərişəhər" stansiyasının arxasında dönmə kamerasının inşasının tamamlanması, 2 yeni elektrik yarımstansiyasının inşası, habelə elektrik təchizatı sisteminin optimallaşdırılması nəzərdə tutulub".