100 min cəsədin olduğu kütləvi məzarlıq tapıldı – Suriyada
Dəməşqin yaxınlığında keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə öldürülən azı 100 min insanın cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Syrian Emergency Task Force” hüquq-müdafiə təşkilatının rəhbəri Myaz Mustafa “”Reuters”ə müsahibəsində bildirib.
Mustafanın sözlərinə görə, Dəməşqdən 40 km aralıda yerləşən əl-Qutaifdəki kütləvi məzarlığın yeri onun illər ərzində apardığı araşdırmalar zamanı müəyyən edə bildiyi beş kütləvi məzardan biridir.
O, qeyd edib ki, 100 min ən mühafizəkar qiymətləndirmədir, çünki öldürülənlərin sayının daha çox ola biləcəyinə əmindir.
Hüquq müdafiəçisi bildirib ki, qurbanlar arasında təkcə suriyalılar deyil, həm də xarici vətəndaşlar, xüsusən də ABŞ və Böyük Britaniya vətəndaşları var. Öldürülənlərin cəsədləri Suriya kəşfiyyat xidmətlərinin göstərişi ilə işgəncələrdən sonra hərbi xəstəxanalardan kütləvi məzarlıqlara aparılıb. Meyitlərin daşınmasında bələdiyyə dəfn xidmətinin əməkdaşları da iştirak edib.
“Biz bu yerlərdə işləyənlərlə, xüsusən də qəbirləri qazmağa və hətta cəsədləri torpağa sığdırmaq üçün yığışdırmağa məcbur edilən buldozer sürücüləri ilə danışdıq”, - deyə Mustafa əlavə edib.
Mustafa gələcəkdə müharibə cinayətlərinin araşdırılması üçün dəfn yerlərinin qorunub saxlanmasına çağırıb.
Suriya hökumətinin nümayəndələri hələlik bu məlumatla bağlı şərh verməyiblər.
Xatirə SADİQ