115 mindən çox suriyalı vətəninə qayıdıb - BMT 

Bəşər Əsədin devrilməsindən sonra Türkiyə, İordaniya və Livan kimi ölkələrdən 115 mindən çox suriyalı öz ölkəsinə qayıdıb.

Jan 6, 2025 - 16:53
Jan 6, 2025 - 18:00
115 mindən çox suriyalı vətəninə qayıdıb - BMT 

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə  Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Agentliyi (UNHCR) məlumat yayıb. 
 
İctimai bəyanatlardan, immiqrasiya və sərhəd nəzarəti statistikasından əldə edilən məlumatlar vaxtilə suriyaklıları qəbul etmiş ölkələrdə fərqli tendensiyaları göstərir. Belə ki, Türkiyə 35 113 suriyalının könüllü geri qayıtdığını bildirib, İordaniya isə 3 100-ü qeydiyyatdan keçmiş qaçqın da daxil olmaqla 22 mindən çox insanın geri qayıtmasına köməklik göstərdiyini vurğulayıb. 

Bununla belə, daxili yerdəyişmənin miqyası hələ də ciddi problem olaraq qalır. Təxminən 664.000 insan Suriyadan, əsasən də İdlib və Hələb əyalətlərindən yeni didərgin düşüb. Onların 75 faizini qadınlar və uşaqlar təşkil edir. 

Eyni zamanda, demək olar ki, 486 min məcburi köçkün öz doğma yerlərinə, əsasən Həma və Hələbə qayıdıb. Bununla belə, UNHCR bildirib ki, silahlı toqquşmalar və partlamamış hərbi sursatlar da daxil olmaqla, təhlükəsizlik problemi çoxlarını geri qayıtmaqdan çəkindirməyə davam edir.

Livanda sərhədi keçən suriyalıların sayı kiçik olsa da, sabit qalır. Çox vaxt insanlar vəziyyəti qiymətləndirmək üçün qısa müddətə Suriyaya gedirlər. 

Misirdə isə daha çox suriyalı qaçqın immiqrasiya işlərini bağlamaq üçün müraciət edir.

Xatirə SADİQ