Ukrayna mövzusu respublikaçı konqresmenləri parçalayıb
Respublikaçılar Partiyasının Konqresin Nümayəndələr Palatasındakı üzvləri Ukrayna müharibəsi ilə bağlı fikir ayrılığına malikdir.
SAVASHMEDİA.az xəbər verir ki, “Amerikanın Səsi” radiosu Ukrayna ilə bağlı bir neçə respublikaçı konqresmenin fikrini öyrəndiyi zamanı daha qabarıq görünüb.
Amma buna baxmayaraq, respublikaçılar bu günlərdə Ukrayna tərəfdarı olan senator Con Tunu özlərinə Senatda lider seçdilər. Con Tun Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Ukraynanı dəstəkləməklə tanınır.
Qeyri-rəsmi olaraq MAGA (Make America Great Again) qanadı adlandırılan Trampyönlü fraksiya Rusiyaya “tənəzzüldə olan” bir güc kimi baxır və buna görə də hesab edir ki, müharibə “mümkün qədər tez nizamlamaq lazımdır ki, o ölkənin (ABŞ) təhlükəsizlik resurslarını tükətməsin. .
Respublikaçılar Partiyasının digər qanadı Rusiyanı məğlub etmək üçün Ukraynaya daha güclü dəstək axtarır.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin sədri Mayk Rocers hesab edir ki, yeni seçilmiş prezident Ukraynada tezliklə sülh razılaşmasına nail olacaq. “Mən prezidentin ilin sonuna qədər barış haqqında danışıqlar aparacağını gözləyirəm. Əminəm ki, onun hər iki tərəfi qane edəcək planı var”, - deyə Rocers əlavə edib.
Konqresmen 47-ci prezidentin Rusiyaya hansı təsir rıçaqları olduğu barədə sualı belə cavablandırıb: “Düşünürəm ki, onun (Trampın) təzyiq göstərmək üsulları var. İdeyalarım var, amma onları açıqlamayacağam”.
Ukraynaya yardım göstərilməsinin qatı tərəfdarı olan konqresmen Don Beykon Tramp administrasiyasının müharibəni necə bitirmək niyyətində olduğunu hələ başa düşmədiyini söyləyib.
“Mənfi cəhət odur ki, yeni administrasiya öz niyyətlərini çox qeyri-müəyyən ifadə edir. Lakin onların Ukraynaya kömək etmək və bu müharibəyə son qoymaq imkanları var”, -deyə Beykon bildirib.
Trampın yeni administrasiyaya milli təhlükəsizlik müşaviri kimi dəvət etdiyi konqresmen Mayk Uols qeyd edib ki, prezident hər iki tərəfi danışıqlar masasına oturtmaq istədiyini açıq şəkildə bildirib. “O, bütün diqqətini müharibəni davam etdirməyə deyil, bitirməyə cəmləyib”, - deyə o, vurğulayıb.
Maraqlıdır ki, Uolts seçkilərdən öncə “Economist” üçün yazdığı məqalədə Kremlə iqtisadi təzyiqi artırmağı təklif etmişdi: “Amerika iqtisadi rıçaqlardan istifadə etməklə, o cümlədən mayeləşdirilmiş təbii qazın ixracını bərpa etmək və Rusiyadan qeyri-qanuni neft satışına son qoymaqla Putini danışıqlar masasına oturda bilər”.
Konqresmen Brayan Mast hesab edir ki, Avropa tərəfi Ukraynaya daha çox yardım etməlidir. O, bildirib ki, Ukraynaya ən son yardım paketini dəstəkləməyib və bunu etməyi planlaşdırmır: “Qoy, Avropa öz rolunu yerinə yetirsin! Bu onların ərazisidir. Mən Ukraynanın qələbəsini görmək istəyirəm, lakin o, Avropaya daha az iş görməyə imkan verməklə Amerikanı tükəndirir”.
Konqresmen Derrik Van Orden Ukrayna üçün “sülh” istədiyini deyib:
“Mən ukraynalıların, rusların həlak olmasının dayandırmasını istəyirəm və bu müharibənin bitməsini istəyirəm. Hər kəs razı qalmayacaq. Amma bu, belə işləyir. Bilirsiniz, mənim bir neçə hərbi səfərim var. Mən Ukraynada sülh istəyirəm. İstəyirəm ki, Ukrayna xalqı gülləbaranlardan və mümkün ölümdən daha narahat olmasın, rus əsgəri isə yad ölkədə minaya ayaq basacağına görə həyəcan keçirməsin”.
Xatirə SADİQ