ABŞ-də quş qripindən ilk ölüm hadisəsi qeydə alındı

Luiziana ştatında quş qripinə ilk yoluxma halı ilə xəstəxanaya yerləşdirilən xəstə vəfat edib. 

Jan 7, 2025 - 14:44
ABŞ-də quş qripindən ilk ölüm hadisəsi qeydə alındı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Luiziana Səhiyyə Nazirliyinə istinadən “Amerikanın səsi” məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, bu, ABŞ-də H5N1 virusundan ölən ilk insandır. Xəstənin yaşı 65-dən yuxarı olub. Nazirlik xəstə məlumatlarının məxfilik siyasətinə görə mərhum haqqında ətraflı məlumat verməyib.

Məlum olub ki, infeksiya quşlarla təmasdan sonra baş verib. Ştatın Səhiyyə Nazirliyi bəyan edib ki, virusun insandan insana ötürülməsi halları müəyyən edilməyib. Nəzərə çatdırılıb ki, mərhum Luiziana ştatında H5N1 virusuna yoluxmuş yeganə insan olub. 

Nazirlik xatırladıb ki, H5N1 virusundan qorunmağın ən yaxşı yolu yoluxma mənbələrindən – yoluxmuş və ya yoluxduğu şübhəli olan çöl quşları və digər heyvanlarla birbaşa təmasda olmaqdan uzaq durmaqdır. 

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, 2024-cü ildən bəri ölkədə insanlarda quş qripinə yoluxma faktı təsdiqlənmiş 66 nəfər olub. 

“Faciəyə baxmayaraq, ABŞ-də H5N1 quş qripindən ölümlər gözlənilməz deyil, çünki bu viruslara yoluxmanın ağır xəstəlik və ölümə səbəb olduğu məlumdur” deyə CDC bildirib. 

Bununla belə, qurum nəzərə çatdırıb ki, ictimaiyyət üçün risk aşağı olaraq qalır. 

Xatirə SADİQ