Trampın iddiaları Danimarkada kral gerbinin dəyişdirilməsi ilə nəticələndi 

Danimarka kralı 10-cu Frederik ötən ilin sonunda Danimarkanın dövlət rəmzlərindən biri olan kral gerbinin dəyişdirilməsi barədə göstəriş verib.

Jan 7, 2025 - 14:47
Trampın iddiaları Danimarkada kral gerbinin dəyişdirilməsi ilə nəticələndi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. 

Gerbin yeni variantında Danimarka Krallığının muxtar vilayətlərinin – Farer adalarının və Qrenlandiyanın rəmzlərinə daha çox diqqət yetirilib.

Danimarkada üç aslan təsviri olan dövlət (milli) gerbi və öz strukturuna görə daha mürəkkəb olan kral gerbi mövcuddur.  

Kral gerbi son 200 ildə dördüncü dəfə dəyişir. Son 500 ildə ilk dəfə ondan Danimarka, Norveç və İsveçin XIV–XVI əsrlərdə mövcud olan Kalmar İttifaqının rəmzi olan üç tacın təsvirləri çıxarılıb. Kral Frederikə istinadən bildirilir ki, taclar artıq aktual olmadığı üçün gerbdən götürülüb. Gerbin yeni dizaynı isə muxtar bölgələrin rolunu vurğulamaqla “birliyin əhəmiyyətini gücləndirir”.

Tarixçilər və politoloqlar gerbdən üç tacın çıxarılması qərarını sensasiya adlandırıblar. Onlar kralın qərarını ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları ilə əlaqələndiriblər. 

Yeri gəlmişkən, Danimarka kralı Yeni il müraciətində krallığın birliyinə böyük diqqət yetirib.

Eyni zamanda, əsasən yerli əhalinin – inuitlərin məskunlaşdığı muxtar Qrenlandiyanın baş naziri Mute Egede Yeni il nitqində adanın müstəqilliyinin lehinə çıxış edib.

Xatirə SADİQ