ABŞ diplomatlarını Dəməşqə göndərdi

Amerikalı diplomatlar 10 ildən artıq müddətdə ilk dəfə Dəməşqə səfər ediblər. 

Dec 20, 2024 - 16:27
ABŞ diplomatlarını Dəməşqə göndərdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

ABŞ Dövlət Departamentinin sözçüsünün bəyanatına görə, onlar Suriya xalqının nümayəndələri və ölkə ərazisinin əhəmiyyətli hissəsinə nəzarət edən “Həyat Təhrir əl-Şam” qruplaşması ilə danışıqlar aparmağı planlaşdırırlar.

Bildirilib ki, “Həyat Təhrir əl-Şam”ın nümayəndələri ilə danışıqlarda əsas diqqət Suriyada hakimiyyətin inklüziv hökumətə keçməsi və ölkədə yoxa çıxan Amerika vətəndaşlarının taleyi məsələlərinə yönələcək. 

Amerikalı diplomatlar qruplaşmanın nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyətinin təmsilçiləri, fəallar və müxtəlif icmaların üzvləri ilə görüşlər keçirmək niyyətindədirlər. Amerika diplomatları Suriyanın gələcəyi və ABŞ-nin bu məsələdə onlara necə kömək edəcəyi ilə bağlı onların mövqelərini dinləməyə hazırlaşırlar.  

“NBC News” xəbər verir ki , Bayden administrasiyası “Həyat Təhrir əl-Şam” qruplaşmasını terrorçular siyahısından çıxarmağın mümkünlüyünü nəzərdən keçirir.   Ağ Ev artıq ABŞ-nin Suriya hökumətini rəsmən tanımasından əvvəl yerinə yetirilməli olan şərtlərin siyahısını irəli sürüb. 

Qeyd edək ki, bu günlərdə BMT-nin, Böyük Britaniyanın, Fransanın və digər dövlətlərin nümayəndələri “Heyət Təhrir əş-Şam” ilə danışıqlar aparmaqdadır. Artıq Türkiyənin, Fransanın səfirlikləri 12 ildən sonra Dəməşqdə fəaliyyətə başlayıb. 

Xatırladaq ki, “Həyat Təhrir əş-Şam” BMT, ABŞ, digər Qərb ölkələri və Rusiyada terrorçu kimi tanınıb. Vaşinqton təşkilatın lideri Məhəmməd əl-Cülaninin (əsl adı Əhməd əl-Şaraa) tutulmasına kömək edən məlumat üçün 10 milyon dollar mükafat elan etmişdi. Qruplaşma keçmişdə “Əl-Qaidə” ilə sıx əlaqələrə malik olduğundan bir sıra terror aktları və etnik təmizləmələr törətməkdə ittiham olunurdu. 

Lakin Suriyada Əsədin devrilməsində böyük rol oynayan “Həyat Təhrir əş-Şam”ın lideri əl-Culaninin son müsahibələri dünyada bö mövqenin dəyişməsinə səbəb olub. Əl-Culani bildirib ki, Suriya Taliban hərəkatının hakimiyyəti altında olan Əfqanıstan kimi bir dövlətə çevrilməyəcək, yeni hakimiyyət qadınların hüquqlarını məhdudlaşdırmayacaq və sair. 

Xatirə SADİQ